ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun son hərəkətlərindən narazı olduğunu bildirib.
Reyting.az CNN-ə istinadla xəbər verir ki, Tramp bu barədə çərşənbə axşamı verdiyi müsahibədə danışıb.
ABŞ Prezidenti qeyd edib ki, Netanyahu ilə "əla münasibətləri" var, lakin onun fikrincə, İsrail hökuməti Livanla bağlı məsələlərdə daha məsuliyyətli davranmalıdır.
“Mən olmasaydım, bu gün İsrail də olmazdı. Çünki heç bir ABŞ Prezidenti mənim etdiklərimi etməyə hazır deyildi”, - deyə Tramp vurğulayıb.
Məlumata görə, Tramp son vaxtlar Netanyahunu bir neçə dəfə tənqid edib. O hesab edir ki, İsrailin Livanda “Hizbullah”a qarşı həyata keçirdiyi hərbi əməliyyatlar ABŞ-ın İranla razılıq əldə etməsini çətinləşdirir. İran tərəfi isə atəşkəs razılaşmasının Livanı da əhatə etməli olduğunu bəyan edib.
Qeyd edək ki, Netanyahu Trampla açıq qarşıdurmadan yayınmağa çalışır. Bazar ertəsi verdiyi açıqlamada o, ABŞ Prezidenti ilə bəzi məsələlərdə fikir ayrılıqlarının olduğunu etiraf edib.
“Mən İsrailin təhlükəsizlik maraqlarına görə məsuliyyət daşıyıram və bu məsələlərdə düşünülmüş şəkildə hərəkət etməliyik”, - deyə Netanyahu bildirib.
Xatırladaq ki, ötən həftə Donald Tramp Benyamin Netanyahunu xəbərdar edərək bildirib ki, İrana qarşı davam edən hücumlar İsraili beynəlxalq müstəvidə təcrid olunmuş vəziyyətə sala bilər.
Qeyd edək ki, iyunun 15-də axşam saatlarında Tramp İranla bağlı sülh sazişinin əldə olunduğunu açıqlayıb.
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin sözlərinə görə, sazişə əsasən İran beynəlxalq nüvə müfəttişlərinin ölkəyə qayıtmasına icazə verəcək.
E. Kamal