Advert
Advert

Nikol Paşinyanı çətin günlər gözləyir

Tarix:
Nikol Paşinyanı çətin günlər gözləyir
Reklam

Ermənistanda keçirilən seçkilərdə Baş nazir Nikol Paşinyanın komandası qalib gəlsə də, parlamentdə konstitusion çoxluq əldə edə bilməyib. Bu isə gələcəkdə mühüm siyasi qərarların və islahatların qəbulunu çətinləşdirə bilər. Üstəlik, parlamentdə Rusiyaya yaxın qüvvələrin və revanşist dairələrin təmsil olunması hökumətin xarici siyasət kursuna, xüsusilə Qərblə inteqrasiya və Azərbaycanla normallaşma prosesinə maneələr yarada bilər. Bu qüvvələr parlament müzakirələrini uzatmaq, ictimai narazılığı artırmaq və hökumətin təşəbbüslərini bloklamaq imkanına malikdirlər.

Professor Cümşüd Nuriyev Ermənistandakı seçkilərdən sonra yaranmış vəziyyəti “Reytinq” qəzetinə şərh edərkən deyib ki, seçki ərəfəsində Rusiya da Ermənistanda fəal işləyirdi. Hətta seçkilərin ikinci turunun keçiriləcəyi ehtimal olunurdu. Lakin proses birinci mərhələdə yekunlaşıb.

C. Nuriyevin sözlərinə görə, N. Paşinyan və komandası prosesi kifayət qədər ağıllı şəkildə idarə edib:

“Hesab edirəm ki, Paşinyanın arxasında çox ağıllı qüvvələr dayanır və ona düzgün məsləhətlər verirlər. Söhbət təkcə Avropadan getmir. Ancaq bu qüvvələrin konkret kimlər olduğunu bilmirəm”.

Müsahibimiz xatırladıb ki, Paşinyan və komandası sadə səs çoxluğu ilə qalib gələrək daha bir neçə il hakimiyyətdə qalmaq imkanı əldə ediblər:

“Lakin nəzərə almaq lazımdır ki, hakim partiya parlamentdə yalnız sadə çoxluğa malikdir. Onlar konstitusion çoxluq əldə edə bilməyiblər. Bunun üçün parlamentdə yerlərin üçdə ikisini qazanmaq lazım idi. Seçkilərin nəticələrinə görə isə Ermənistan parlamentində Rusiyanın maraqlarına xidmət edən siyasi qüvvələr də təmsilçilik hüququ qazanıblar”.

Professor hazırda Ermənistanda Nikol Paşinyandan sonra ən diqqətçəkən siyasi fiqurlardan biri kimi Alen Simonyanı gördüyünü bildirib:

“Paşinyan kimi Simonyan da müharibədən qaçmağın, iqtisadi və ticarət əlaqələri qurmağın, qonşularla qarşılıqlı faydalılıq prinsipi əsasında yaşamağın vacibliyini vurğulayır. Rusiyaya bağlı siyasi qüvvələrlə müqayisədə onlar proseslərə daha realist yanaşırlar”.

C. Nuriyev əlavə edib ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətlərlə müqayisədə daha realist mövqe nümayiş etdirir. Onun fikrincə, Ermənistan rəhbərliyi anlayır ki, yeni müharibə ölkə üçün ağır nəticələrə səbəb ola bilər:

“Onlar Rusiyanın dəstəyi ilə 200 il ərzində Azərbaycana qarşı müxtəlif çirkin siyasətlər həyata keçiriblər. Lakin indi vəziyyət fərqlidir. Azərbaycan güclü dövlətdir və bunu Ermənistan rəhbərliyi də yaxşı bilir. Xüsusilə, Qərbi Azərbaycan İcmasının fəaliyyəti onları ciddi şəkildə narahat edir. Niyə azərbaycanlılar İrəvanda yaşamamalı, Göyçə gölünün sahilində istirahət etməməlidirlər? Müxtəlif dövrlərdə Qərbi Azərbaycandan yüz minlərlə insan qanunsuz və əsassız şəkildə deportasiya olunub. Bu gün onların sayı milyonlarladır. Üstəlik, Ermənistan rəhbərliyi anlayır ki, regionda yeni qarşıdurma heç kimin maraqlarına uyğun deyil”.

Professor sonda bildirib ki, Ermənistan parlamentinin hazırkı siyasi tərkibi nəzərə alınarsa, yaxın vaxtlarda ölkədə referendumun keçirilməsi inandırıcı görünmür:

“Bununla belə, yeni razılaşmalar mümkündür. Həmin razılaşmalarda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və bu müddəaların konstitusiyadan çıxarılması öz əksini tapmalıdır. Amma yaxın perspektivdə referendum keçiriləcəyini gözləmirəm”.

Nemət Orucov
Reyting.az

Reklam