Advert
Advert

Nikolay Patruşev Sergey Şoyqunu hədəfə çevirib

Tarix:
Nikolay Patruşev Sergey Şoyqunu hədəfə çevirib
Reklam

Rusiya Federasiyası Prezidentinin köməkçisi, Federal Təhlükəzislik Xidmətinin (FSB) keçmiş rəhbəri Nikolay Patruşev 2002-ci ildə Moskvanın Dubrovka teatr mərkəzində baş verən "Nord-Ost" terror aktında girovların ölümünə görə xilasediciləri ittiham edib.

Reyting.az-ın məlumatına görə, Patruşev fikrini belə əsaslandırıb ki, hadisə yerində FSB xüsusi təyinatlıları əməliyyatı peşəkar şəkildə həyata keçirsələr də, sonradan zərərçəkənlərə yardım göstərməli olan xilasedici xidmətlər çaşqınlıq yaşayıb. 

Onun sözlərinə görə, bəzi girovlara antidot vurulmayıb, bəzilərinə isə məsuliyyətsizlik ucbatından ikiqat doza tətbiq edilib ki, bu da insan itkilərinə səbəb olub.

Patruşev xüsusi vurğulayıb ki, o zaman içəridə olan terrorçuların heç birinin partlayıcı qurğunu vaxtında işə salmağa macal tapmaması bu əməliyyatın plan üzrə keçdiyini göstərib. Bununla belə o, israrla qeyd edib ki, hesablamalara görə, girovlar arasında heç bir itki olmamalı idi.

Xatırladaq ki, bu qanlı olayla bağlı 2011-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Rusiya hakimiyyətini sərt şəkildə ittiham etmiş və hakimiyyəti terrora məruz qalmış girovların yaşamaq hüququnu pozmaqda təqsirli bilmişdi. Həmçinin bununla bağlı aparılan araşdırmalar zamanı Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən etmişdi ki, həkimlər əməliyyatda qazdan istifadədən xəbərsiz olublar, çünki həkim briqadalarına bu barədə vaxtında məlumat verilməyib və nəticədə zərərçəkənlərə lazımi tibbi yardım göstərilməyib.

Qeyd edək ki, həmin dövrdə, "Nord-Ost" terror hadisəsində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinə Sergey Şoyqu rəhbərlik edirdi. Hazırda o, Rusiyanın Təhlükəsizlik Şurasının katibidir.

Oqtay Qorçu
 

Reklam