Türkiyənin Ağrı dağı bölgəsində Nuhun gəmisinin qalıqlarını aşkar etmək məqsədilə aparılan elmi və arxeoloji tədqiqatlar davam edir.
Reyting.az-ın məlumatına görə, Rusiya Pravoslav Kilsəsinin arxeoloqu, protoiyerey Vladislav Tsıpin bildirib ki, Nuhun gəmisi və ümumdünya daşqını haqqında rəvayətlər mif deyil, real tarixi hadisələrin izlərini əks etdirə bilər.
Din xadiminin sözlərinə görə, Türkiyədə son illərdə aşkar edilən bəzi tapıntılar əfsanəvi gəminin qalıqları ilə bağlı ola bilər. Bu isə Ağrı dağı ərazisinin Nuhun gəmisinin dayandığı yer olması ilə bağlı nəzəriyyəni gücləndirir.
Protoiyerey qeyd edib ki, Ağrı dağı ətrafında uzun illərdir aparılan axtarışlar zamanı qədim gəmi göyərtəsini xatırladan konstruksiyalar, eləcə də çürümüş ağac qalıqları aşkar olunub. Tsıpinin fikrincə, bu tapıntılar Nuhun gəmisinin qalıqları ola bilər.
Rusiyalı kilsə arxeoloqunun araşdırmalarına görə, italiyalı kartoqraf Urban Montenin 1587-ci ilə aid xəritəsində Ağrı dağına yaxın ərazi (Dürüpınar ərazisi) böyük ehtimalla Nuhun gəmisinin dayandığı yer kimi göstərilib. Tsıpin hesab edir ki, alimin həmin ərazini xəritədə xüsusi şəkildə işarələməsi təsadüfi deyil.
Din xadimi bildirib ki, alimlərin bu ərazidə apardıqları torpaq analizləri zamanı dəfələrlə qədim gəmi konstruksiyasını xatırladan izlər aşkarlanıb. Onun fikrincə, yaxın gələcəkdə Nuhun gəmisinin Türkiyə ərazisində yerləşdiyinə dair daha konkret nəticələr əldə oluna bilər.
Bununla belə, mütəxəssislər məsələyə elmi baxımdan daha ehtiyatlı yanaşır və tələsik nəticələr çıxarmağın doğru olmadığını bildirirlər.
Alimlərin fikrincə, Türkiyədə aşkar edilən bu arxeoloji tapıntıların həqiqətən də Nuhun gəmisinə aid olduğunu təsdiqləmək üçün əlavə araşdırmalara və daha ciddi elmi sübutlara ehtiyac var.
Oqtay Qorçu