Advert
Advert

Oğurlanmış 15 milyon avroluq əsər təsadüfən tapılıb

Tarix:
Oğurlanmış 15 milyon avroluq əsər təsadüfən tapılıb
Reklam

Fransada polis narkotik müsadirəsi zamanı ispan rəssamı Pablo Pikassonun oğurlanmış rəsm əsərini aşkarlayıb.

Reyting.az “Le Parisien” qəzetinə istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Şampinyi-sür-Marn şəhərində bir evdə apardıqları axtarış zamanı narkotik vasitələr və bahalı əşyalar arasında Pikassonun orijinal əsərini müəyyən ediblər.

Val-de-Marn prokurorluğunun məlumatına görə, müstəntiqlər narkotik qaçaqmalçılığı ilə bağlı araşdırma çərçivəsində iyunun 15-də həmin ünvanda axtarış aparıblar. Axtarış zamanı gözlənilmədən daha əvvəl Parisdəki anbardan oğurlanmış Pikasso əsəri aşkar edilib.

Evdə həmçinin təxminən 20 kiloqram kannabis qatranı, bir neçə yüz min avro dəyərində dizayner geyimləri və böyük məbləğdə nağd pul tapılıb. Prokurorluq dörd nəfərin saxlanılaraq məhkəməyə çıxarıldığını bildirib.

Polis mənbələrinin məlumatına görə, şübhəlilərdən biri həmin anbarın əməkdaşı olub. Onun bir neçə həftə ərzində həmin Pikasso əsəri də daxil olmaqla müxtəlif əşyaları oğurladığı ehtimal edilir.

“The Times” qəzetinin yazdığına görə, əsər Pikassonun fransız ilham pərisi və sevgilisi Mari-Terez Valterin 1937-ci ildə çəkilmiş portretlər silsiləsinə aiddir. Rəsmin dəyəri 12-15 milyon avro arasında qiymətləndirilir.

V. Quliyev

Reklam