Macarıstanın baş naziri Viktor Orbanın seçkidə məğlubiyyəti Brüsseldə böyük məmnunluqla qarşılanıb. Çünki Avropa rəsmiləri Macarıstanın yeni hökumətinin daha avropayönlü mövqe nümayiş etdirəcəyinə ümid bəsləyirlər.
Reyting.az-ın məlumatına görə, artıq Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen sosial mediada “Macarıstan Avropanı seçib”,- mesajını paylaşıb.
Komissiya rəhbəri əlavə edib ki, Avropa həmişə Macarıstanı seçib: “Birlikdə daha güclüyük. Ölkə Avropa yoluna qayıdır. Birlik daha da güclənir”.
Avropa Parlamentinin rəhbəri Roberta Metsola müxalifət lideri Peter Magyarı qələbəsi münasibətilə təbrik edərək, “Macarıstanın yeri Avropanın mərkəzindədir”, - deyib.
CNN bildirir ki, Ursula fon der Lyayen və Metsolanın şərhləri gözlənilməz deyil. Çünki Orban hakimiyyətdə olduğu 16 il ərzində Avropa Birliyinə ciddi problemlər yaradıb və bir çox məsələlərdə Brüssellə toqquşub.
Nəşr xatırladıb ki, immiqrasiya qanunvericiliyindən tutmuş Avropa Birliyinin Ukraynaya dəstəyinə qədər Orban əsas razılaşmaları pozmaq üçün dəfələrlə prosedur gecikmələrindən və veto səlahiyyətindən istifadə edib.
Keçmişdə Orbanla fikir ayrılıqları olan Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa “Macar xalqının Avropa Birliyi dəyərlərinə və Macarıstanın Avropadakı roluna sadiqliyini nümayiş etdirən qələbəni” alqışlayır.
Almaniya kansleri Fridrix Merz isə Magyara ünvanladığı təbrik mesajında “Gəlin güclü, təhlükəsiz və ən əsası vahid Avropa üçün qüvvələrimizi birləşdirək”, - sözlərini yazıb.
Estoniyanın baş naziri Kristen Mixal da Macarıstanda keçirilən parlament seçkilərinin nəticələrinə münasibət bildirib:
“Macarlar, onların maraqlarını nəzərə almayan qüvvələri rədd edərək, vahid Avropada azad və güclü Macarıstan üçün tarixi seçim etdilər”.
Bu arada, İsveçin baş naziri Ulf Kristersson qeyd edib ki, bu seçkilər Macarıstan tarixində yeni bir səhifə açır.
Qeyd edək ki, dünən Macarıstanda parlament seçkiləri keçirilib. Macarıstan Mərkəzi Seçki Komissiyasının veb-saytında yer alan məlumata görə, səslərin 89,97 faizi sayıldıqdan sonra “Tisa” parlamentdə üçdə iki səs çoxluğuna - 138 mandata sahib olub.
E. Kamal