Pakistanda keçirilən xüsusi əməliyyatlar zamanı Tehrik-e-Taliban Pakistan (TTP) qruplaşmasının 27 üzvü zərərsizləşdirilib.
Reyting.az xəbər verir ki, bu barədə "Arab News" Pakistan Silahlı Qüvvələrinin məlumatına istinadla yazıb.
Silahlı Qüvvələrin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) məlumatına görə, ölkədə terror fəallığının artması fonunda Xayber Paxtunxva əyalətində, o cümlədən Şimali Vəziristan rayonunda kəşfiyyat məlumatları əsasında xüsusi əməliyyatlar keçirilib.
ISPR-ın bəyanatında bildirilir ki, son 72 saat ərzində baş verən intensiv toqquşmalar zamanı Hindistan tərəfindən dəstəkləndiyi iddia edilən “Fitnə əl-Xarici” (TTP) qruplaşmasının 27 üzvü öldürülüb.
Əməliyyatlar zamanı zərərsizləşdirilən yaraqlılardan silah və sursat müsadirə olunub. Hərbçilərin bildirdiyinə görə, həmin şəxslər bir sıra terror aktlarında və mülki şəxslərin qətlində iştirak ediblər.
Rəsmi Nyu-Dehli isə hələlik bu iddialara münasibət bildirməyib.
Son aylarda Xayber Paxtunxva əyalətində silahlı qrupların hücumları və antiterror əməliyyatları intensivləşib. Nəticədə həm təhlükəsizlik qüvvələri, həm də mülki şəxslər arasında itkilər qeydə alınıb.
Pakistan Silahlı Qüvvələri bildirib ki, bölgədə təmizləmə əməliyyatları davam etdirilir və ölkə “xaricdən dəstəklənən terror təhdidinin tamamilə aradan qaldırılması” istiqamətində fəaliyyətini davam etdirəcək.
V. Quliyev