“Əsir götürülmüş vətəndaşlar məsələsinin mümkün qədər tez həlli üçün hər şeyi edirik. Üçbaşlı müharibə partiyasının istifadə etdiyi ritorika isə bu insanların probleminin həllinə kömək etmir. Azərbaycan da Ermənistandakı siyasi ritorikanı izləyir”.
Reyting.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanda həbsdə olan erməni separatçı cinayətkarlardan danışarkən deyib.
Onun sözlərinə görə, bu məsələ üzərində gündəlik iş aparılır və bunu mümkün qədər məxfi şəkildə etməyə çalışırlar.
“David İşxanyanın Ermənistandakı partiya yoldaşlarının ritorikası ümumi prosesə təsir göstərir. Eyni şey David Babayan tərəfdarlarının istifadə etdiyi ritorika və siyasi xəttə də aiddir. Əgər ERF Qarabağı geri almaq ideyasını təbliğ edirsə, onda Azərbaycanın eyni siyasi qüvvənin nümayəndəsini bu prosesə qoşulmaq üçün buraxması məntiqsizdir”,- deyən Paşinyan əlavə edib ki, bu, münaqişəli ritorikadır və hansısa reaksiyaya səbəb olacaq:
“Demək istəmirəm ki, bu siyasi qüvvələr qəsdən bu insanlara zərər vermək istəyirlər. Çünki bu cür ritorika zərərlidir”.
E. Kamal