“Ermənistanda seçkiqabağı kampaniya erməni cəmiyyəti baxımından maraqlı keçir. Sözsüz ki, biz də prosesi yaxından izləməliyik və izləyirik. Çünki kampaniya dövründə birbaşa Azərbaycanla bağlı fikirlər səsləndirilir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
Onun sözlərinə görə, hazırda hakimiyyətdə olan Nikol Paşinyan seçicilərə əsas mesaj kimi sülh və sabitlik vəd edir:
“Paşinyanın əsas arqumenti sadədir: mən və komandam hakimiyyətdə qalsaq, sülhün qarantı olacağıq”.
İsazadə bildirib ki, Paşinyana qarşı çıxan bütün qüvvələr revanş, Qarabağ və müharibə mövzusundan istifadə edərək narazı seçicilərin səsini qazanmağa çalışırlar.
Ekspert xüsusilə “Güclü Ermənistan” blokunun baş nazir postuna namizədi, Rusiyada fəaliyyət göstərən erməni oliqarx Samvel Karapetyan üzərində dayanıb.
O xatırladıb ki, həmin blok hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan vətəndaşlarının Ermənistanda mənzil, torpaq və digər əmlak almasına qanunla qadağa qoyacağını açıqlayıb. Eyni zamanda blok Paşinyanı ittiham edir ki, guya o, kəndləri boşaldır və gələcəkdə həmin ərazilər azərbaycanlılara veriləcək.
İsazadənin fikrincə, Karapetyanın arxasında rus siyasi texnoloqları dayanır və ona istiqamət verirlər:
“Karapetyan Koçaryan və digər revanşist qüvvələrdən fərqli olaraq ermənilərə birbaşa müharibədən danışmır. Əksinə, çalışır ki, onları başqa formada qorxutsun. Bildirir ki, əgər Paşinyan qalib gəlsə, azərbaycanlılar və türklər Ermənistanda biznes quracaq, mülk alacaq və ölkəyə yerləşəcəklər. Paşinyan isə seçicilərə deyir ki, mənə yox, sülhə səs verin. Belə olan halda, Paşinyanı istəməyən, amma müharibə də arzulamayan insanlar yenə ona səs verməyə məcbur qalacaqlar”.
Ekspert hesab edir ki, seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik daha da artacaq:
“Əlbəttə, qarşıdakı dövrdə daha gərgin vəziyyətin şahidi olacağıq. Yeni siyasi texnologiyalar və seçki üsulları da müşahidə ediləcək. Seçkiyə az vaxt qaldığından, hazırkı gərginlik səsvermə günü kulminasiya nöqtəsinə çatacaq”.
Nemət Orucov
Reyting.az