“Rusiya ilə Ermənistan arasında gərginlik açıq-aşkar hiss olunur. Rusiyada Ermənistana qarşı informasiya müharibəsi aparılır. Rusiyanın iki telekanalı erməni əsilli politoloqları efirə çıxararaq hər gün Ermənistan əleyhinə çıxışlar yayımlayır. Eyni zamanda çalışırlar ki, Ermənistan onların nəzarətindən çıxmasın”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Ermənistanda parlament seçkiləri ərəfəsində yaranmış vəziyyət və Rusiyanın bu ölkədəki maraqlarından danışarkən bildirib.
Son 200 ildə Azərbaycanın başına gətirilən müsibətlərin Ermənistan və ya ermənilər vasitəsilə həyata keçirildiyini deyən C. Nuriyevin sözlərinə görə, Rusiya Ermənistanı əvvəlki orbitinə qaytarmağa çalışır.
Professor əlavə edib ki, əgər Baş nazir Nikol Paşinyan bu seçkilərdə qələbə qazana bilsə, bu, həm Ermənistanın, həm də Qafqazın Rusiyanın təsirindən çıxmasına böyük töhfə olacaq:
“Yox, əgər Rusiyaya bağlı radikal siyasi qüvvələr seçkidə qalib gəlsə, bu, həm Ermənistan, həm də region üçün çətinlik yaradacaq. Xüsusilə də Azərbaycan üçün. Çünki həmin qüvvələr dərhal Qarabağ ermənilərinin geri qaytarılması tələbini irəli sürəcəklər. Bu “ideyanı” Rusiya dəstəkləyəcək və tələbləri daha da gücləndirəcək. Çünki bu, Rusiyanın yenidən Qafqaza qayıtması üçün göydəndüşmə fürsət olacaq. Məhz bu məqamda Avropa Parlamentinin son qətnaməsi yada düşür. Xaricdə yaşayan bəzi məsuliyyətsiz şəxslər isə bu qətnaməyə görə sevinirlər. Əslində həm Fransa, həm də Rusiya regionda əvvəlki vəziyyətin bərpasında maraqlıdır. Ona görə də bu məsələlərə yalnız hakimiyyət məsələsi kimi baxmaq olmaz. Burada Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraqları dayanır”.

C. Nuriyev
C. Nuriyev təəssüflə qeyd edib ki, bəzi savadsız soydaşlarımız bu problemləri anlamadan Avropa Parlamentinin qərarını müdafiə edirlər:
“Onlar əsasən xaricdə yaşayan bloqçulardır. Çoxunun Azərbaycan tarixindən və mədəniyyətindən xəbəri yoxdur, bəziləri isə ümumiyyətlə savadsızdır. Bəzən görürsən ki, Ermənistanı təbliğ edirlər”.
Professorun sözlərinə görə, həm Avropada, həm Rusiyada, həm də Ermənistan daxilində bu ideyanı müdafiə edən qüvvələr var:
“Sözsüz ki, Prezident İlham Əliyev heç vaxt bu kimi tələblərlə razılaşmayacaq. Elə buna görə də əvvəlcədən Qərbi Azərbaycan məsələsi gündəmə gətirilib. Bunun üçün ilk növbədə Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımız öz ata-baba yurdlarına qaytarılmalı, onlar üçün şərait yaradılmalı və əmlakları özlərinə verilməlidir. Bundan sonra digər məsələlərə baxmaq olar”.
Müsahibimiz ümid etdiyini bildirib ki, indiki Ermənistan hakimiyyəti növbəti seçkilərdə qələbə qazanacaq: “Bu komandanı sevməyənlər əsasən kilsənin təsiri altında olanlar və Qarabağdan köçən ermənilərdir. Bəli, onlar Paşinyanı sevmirlər. Amma Ermənistan əhalisi arasında Paşinyan hələ də ən nüfuzlu siyasətçidir. Əgər seçkilərdə Paşinyan qalib gəlsə, bu, Qafqazın qələbəsi olacaq. Ona qarşı olan və Rusiyanın təsiri ilə hərəkət edən qüvvələr hakimiyyətə gəlsə, bu, növbəti gərginlik üçün zəmin yaradacaq”.
Nemət Orucov
Reyting.az