Kreml Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığının detallarını açıqlayıb.
Reyting.az-ın “RİA Novosti” agentliyinə istinadla verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığı Moskva üçün öz mövqeyini birbaşa çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyıb.
Bildirilir ki, Peskov bu təması Kiyev və Avropanın münaqişənin eskalasiyasına yönəlmiş siyasəti ilə bağlı Rusiyanın mövqeyini ABŞ rəhbərliyinə çatdırmaq üçün “əlverişli fürsət” kimi qiymətləndirib.
Qeyd olunur ki, D. Peskov D. Trampın mövqeyini “ardıcıl” adlandıraraq onun Ukrayna münaqişəsi ilə bağlı öz baxışına sahib olduğunu vurğulayıb.
Tərəflərin gələcəkdə də təmasları davam etdirmək barədə qarşılıqlı anlaşmaya malik olduqları bildirilir. Telefon danışığının təxminən 1 saat 25 dəqiqə davam etdiyi qeyd olunur.
Onu da qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da söhbəti “işgüzar və konstruktiv” kimi qiymətləndirib.
E. Kamal