Advert
Advert

Peskov: Rusiya ABŞ-ı və digər ölkələri sınaqlar barədə məlumatlandırıb

Tarix:
Peskov: Rusiya ABŞ-ı və digər ölkələri sınaqlar barədə məlumatlandırıb
Reklam

Beynəlxalq müqavilələrə uyğun olaraq, qitələrarası raketlərin buraxılışı zamanı Milli Nüvə Risklərinin Azaldılması Mərkəzi vasitəsilə digər ölkələrə bildiriş göndərilir. Rusiya da “Sarmat” qitələrarası raket sınaqları ilə bağlı ABŞ-a və digər ölkələrə müvafiq məlumat verib.

Reyting.az-ın xəbərinə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

“Əlbəttə”, - deyə o, Moskvanın raketin buraxılışı barədə Vaşinqtona və digər paytaxtlara məlumat verib-verməməsi ilə bağlı suala cavabında qeyd edib.

Peskov vurğulayıb ki, beynəlxalq müqavilələrə əsasən, qitələrarası raketlərin buraxılışı zamanı lazımsız gərginliyin qarşısını almaq məqsədilə Milli Nüvə Risklərinin Azaldılması Mərkəzi (NNRC) vasitəsilə digər ölkələrə bildiriş göndərilir. Onun sözlərinə görə, NNRC avtomatik rejimdə fəaliyyət göstərir.

Daha əvvəl Strateji Raket Qüvvələrinin komandanı Sergey Karakayev Rusiya Prezidenti Vladimir Putinə “Sarmat” raketinin uğurlu sınaq buraxılışı barədə məlumat vermişdi.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri ilin sonunadək bu qitələrarası ballistik raketlə təchiz olunmuş ilk alayı yerləşdirməyi planlaşdırır.

V. Putin bildirib ki, “Sarmat” dünyanın ən güclü raket sistemidir və Qərbin ən güclü analoqlarından təxminən dörd dəfə üstündür. Onun uçuş məsafəsinin 35 min kilometri keçdiyi qeyd olunur.

Raketin həm ballistik, həm də suborbital trayektoriya üzrə hərəkət edə bildiyi və mövcud, eləcə də gələcək raketdən müdafiə sistemlərini aşa bildiyi vurğulanır.

E. Kamal
 

Reklam