ABŞ-da dünyada ilk dəfə havadan toplanan, həmçinin CO₂ ilə qazlaşdırılmış pivə istehsal edilib. "Flow - Clean Air Edition" adlanan yeni məhsul "Almanac Beer" və "Aircapture" şirkətlərinin əməkdaşlığı sayəsində ərsəyə gəlib.
Reyting.az-ın məlumatına görə, şirkət təmsilçiləri deyiblər ki, hazırda texnologiya CO₂-ni birbaşa atmosferdən almaqla, istehsal prosesində tam istifadəsini mümkün edir. Bu üsulun həm də ekoloji baxımdan daha davamlı olduğu bildirilir.
Mütəxəssislərin sözlərinə görə, dünyada ilk olan bu orijinal layihə həm CO₂ çatışmazlığı problemini həll edir, həm də qazın istehsal prosesində mayeni təkrar dövriyyəyə daxil olunmasına şərait yaradır.
Dünyada ilk dəfə belə bir tərkibli qeyri-adi pivə hazırlamağa nail olmaqla, böyük uğur əldə edən hər iki şirkət istehsal prosesində yeni texnologiyanın köməyi ilə havadan alınan CO₂-ni demək olar, tam saf hala gətiriblər. Onlar müasir texnologiyadan təyinatı üzrə lazım olduğu qədər istifadə edib və havadan topladıqları karbon dioksidi, elmə məlum olan iki oksigen (O), bir karbon (C) atomundan ibarət kimyəvi birləşməni 99,999 faiz təmizləməklə, birbaşa istehsal xəttinə ötürməyi bacarıblar.
Yeni layihənin ekoloji faydası çox yüksək qiymətləndirilir. Mütəxəssislər bildiriblər ki, satışdan əldə olunan gəlirin bir hissəsi karbonun atmosferdən çıxarılması texnologiyalarını dəstəkləyən təşəbbüslərə yönəldilir.
Oqtay QORÇU