Çin 2025-ci ildə olduğu kimi, 2026-cı ildə də polad istehsalına görə dünya ölkələri arasında liderliyini qoruyur.
Reyting.az-ın məlumatına görə, Dünya Polad Assosiasiyasının bu ilki statistik hesabatında qeyd olunub ki, il ərzində dünya üzrə qlobal xam polad istehsalı 1,849 milyard tona çatıb. Bunun 960,8 milyon tonu (52 faizi) Çinin payına düşür.
Siyahıda ikinci yerdə 164,9 milyon ton istehsalla Hindistan qərarlaşıb. Bu ölkədə urbanizasiya prosesinin sürətlənməsi və iri infrastruktur layihələrinin həyata keçirilməsi polada tələbatı getdikcə artırır.
Yeni statistikaya görə, ABŞ və Yaponiya da bu sahədə mühüm göstəricilər əldə ediblər. ABŞ-da ötən il ərzində 82 milyon ton, Yaponiyada isə 80,7 milyon ton polad istehsal olunub.
Qlobal bazarın ciddi rəqiblərinə çevrilən Rusiya, Cənubi Koreya, Almaniya və İtaliya da əsas polad istehsalçıları sırasında yer alırlar.
Ekspertlərin fikrincə, hazırda inkişaf etmiş ölkələr istehsal həcmini artırmaqdan daha çox metallurgiya sənayesinin modernləşdirilməsinə üstünlük verirlər. Bu istiqamətdə Avropa, Şimali Amerika və Asiya ölkələri xüsusilə fərqlənirlər.
Mütəxəssislər bildirirlər ki, bu regionlarda yerləşən ölkələrin əksəriyyəti ekoloji cəhətdən daha səmərəli texnologiyalara, elektrik qövs sobalarına, eləcə də hidrogen əsaslı polad istehsalına yatırımları artırırlar.
Oqtay Qorçu