Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) rəhbərinə ölkəsində yeni daimi ABŞ hərbi bazasının yaradılması ilə bağlı rəsmi təklif təqdim edib.
Reyting.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Kosinyak-Kamış bildirib ki, ABŞ-ın Polşanın təhlükəsizliyindəki rolu azalmır, əksinə, daha da güclənə bilər.
“Mən ABŞ-ın müdafiə naziri Pit Heqsetə Polşada yeni daimi ABŞ hərbi bazasının yaradılması ilə bağlı rəsmi təklif təqdim etdim. Təhlükəsiz Polşa güclü ordu, güclü cəmiyyət və möhkəm müttəfiqliklər deməkdir”, - deyə nazir əlavə edib.
ABŞ hərbi qüvvələrinin Polşada mövcudluğu NATO çərçivəsində əməkdaşlığın və Varşava ilə Vaşinqton arasında bağlanmış ikitərəfli sazişlərin nəticəsidir. Formal olaraq, Polşada Almaniya və ya İtaliyadakı kimi ənənəvi, müstəqil ABŞ hərbi bazaları yoxdur. Bununla belə, Amerika qoşunlarının ölkədəki mövcudluğu uzun illərdir əhəmiyyətli səviyyədə qalır.
Sorğulara əsasən, polşalıların 44,1 faizi ölkələrində yeni ABŞ hərbi bazasının yaradılmasını dəstəkləyir, 40,9 faizi isə bu təşəbbüsə qarşı çıxır.
Almaniyanın “Der Spiegel” nəşri bu yaxınlarda ABŞ-ın NATO üzvü olan ölkələrdə yerləşdirdiyi silah və hərbi kontingentin sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını yazıb.
“Financial Times” qəzetinin məlumatına görə, Vaşinqton ənənəvi hərbi dəstəyin mümkün azalmasının təhlükəsizlik zəmanətlərini zəiflətmədiyinə müttəfiqlərini inandırmaq məqsədilə NATO-nun daha çox Avropa üzvü olan ölkəsində nüvə silahlarının yerləşdirilməsi məsələsini müzakirə edir. Mənbələrin bildirdiyinə görə, NATO-nun şərq cinahında yerləşən ölkələr, xüsusilə Polşa və bəzi Baltikyanı dövlətlər belə bir addıma hazır olduqlarını bəyan ediblər.
Y. Qacar