Advert
Advert

Professor: Knessetdə qondarma "erməni soyqırımı" ilə bağlı qərarın qəbuluna inanmıram

Tarix:
Professor: Knessetdə qondarma
Reklam

İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması və Türkiyəyə qarşı ittihamlar səsləndirməsi iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirib. Hökumətin bu qərarı İsrail parlamenti - Knesset tərəfindən də təsdiqlənərsə, Ankara-Təl-Əviv münasibətlərinə ciddi zərbə vura, diplomatik təmasları zəiflədə bilər. Bu addımın Türkiyə ilə İsrail arasında təhlükəsizlik, enerji və regional əməkdaşlıq perspektivlərinə də mənfi təsir göstərəcəyi ehtimal olunur. Eyni zamanda, Ermənistanla Türkiyə arasında normallaşma prosesinin davam etdiyi bir dövrdə belə qərar qarşılıqlı etimadı sarsıda və dialoqu çətinləşdirə bilər.

Professor Cümşüd Nuriyev "Reytinq" qəzetinə açıqlamasında bildirib ki, qondarma "erməni soyqırımı" məsələsinin gündəmə gətirilməsi daha çox İsrailin Baş naziri Benyamin Netanyahunun siyasi mövqeyi ilə bağlıdır və İsrail dövlətinin maraqlarına uyğun deyil.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Netanyahunun Qəzza siyasətini kəskin tənqid edir və onu cinayətlərdə ittiham edir. Netanyahu isə buna cavab olaraq Türkiyəyə qarşı belə addımlara əl atır.

"Açığı, mən Knessetdə belə bir qərarın qəbul ediləcəyinə inanmıram və bunu gözləmirəm", - deyə professor bildirib.

C. Nuriyevin sözlərinə görə, B. Netanyahunun rəhbərlik etdiyi partiya Knessetdə səs çoxluğuna malik deyil.

"Digər tərəfdən, parlamentdə prosesləri düzgün qiymətləndirə bilən insanlar da var. Hesab edirəm ki, belə bir qərar qəbul edilməyəcək. Bu, İsrailə heç bir siyasi üstünlük qazandırmaz, əksinə, xüsusilə yəhudilərin Holokost faciəsi fonunda əlavə mübahisələrə səbəb ola bilər", - deyə o qeyd edib.

Professor hesab edir ki, ilk növbədə "erməni soyqırımı" iddiaları tarixi faktlarla təsdiqlənmir və bu məsələni Holokost kimi beynəlxalq səviyyədə tanınmış soyqırımı ilə müqayisə etmək düzgün deyil.

"Belə bir addım İsrailin dost ölkələrlə münasibətlərinə də mənfi təsir göstərə, xüsusilə də Türkiyə ilə əlaqələri daha da gərginləşdirə bilər. İsrail də bunun nəticələrini yaxşı anlayır", - deyə Nuriyev vurğulayıb.

Professor sonda bildirib ki, müxtəlif tarixi mənbələrə əsasən, XX əsrin əvvəllərində Osmanlı imperiyasında yaşayan ermənilərin sayı ilə bağlı fərqli statistik məlumatlar mövcuddur və bu səbəbdən "1,5 milyon erməninin öldürüldüyü" barədə iddiaları həqiqətə uyğun hesab etmir.

Nemət Orucov
Reyting.az
 

Reklam