Advert
Advert

Professor: Qorbaçovun SSRİ-nin taleyində oynadığı rolu Tramp ABŞ üçün təkrarlaya bilər

Tarix:
 Professor: Qorbaçovun SSRİ-nin taleyində oynadığı rolu Tramp ABŞ üçün təkrarlaya bilər
Reklam

ABŞ-la mümkün razılaşma İrana mühüm üstünlüklər vəd edir. İlk növbədə, iqtisadi sanksiyaların yumşaldılması və ya ləğvi İran üçün böyük əhəmiyyət daşıyır. Bu, ölkəyə xarici investisiyaların cəlb olunmasına, neft ixracının artmasına və iqtisadiyyatın canlanmasına imkan verə bilər. Razılaşma həmçinin İranın beynəlxalq təcriddən qismən çıxmasına və Qərb ölkələri ilə münasibətlərinin normallaşmasına şərait yaradar.

Professor Cümşüd Nuriyev “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, ABŞ-İran razılaşmasının detalları ilə bağlı məlumatlar ictimailəşdikdən sonra belə bir anlaşmanın İranın maraqlarına xidmət etdiyi aydın görünür.

C. Nuriyev xatırladıb ki, razılaşmaya əsasən ABŞ hərbi qüvvələri bölgəni tərk edəcək, İranın zənginləşdirilmiş uranının gələcək taleyi kimi mühüm məsələlər isə iki ay ərzində aparılacaq danışıqlardan sonra müəyyənləşəcək.

“Bundan əlavə, ABŞ-ın İran iqtisadiyyatına təxminən 300 milyard dollar sərmayə yatıracağı bildirilir. Şübhəsiz ki, bütün bunlar İranın maraqlarına xidmət edir. İran bununla göstərir ki, ona qarşı hücum əsassız olub və beynəlxalq hüquqa zidd xarakter daşıyıb”, - deyə professor qeyd edib.

C. Nuriyevin fikrincə, ABŞ ciddi problemlərlə üz-üzədir:

“Mixail Qorbaçovun SSRİ-nin taleyində oynadığı rolu Donald Tramp ABŞ üçün təkrarlaya bilər. Artıq yəhudilər ABŞ-ı tərk etməyə başlayıblar. Amerikanın böyük borcları var. Onlar Venesueladan bir neçə milyard dollar əldə ediblər və hesab edirdilər ki, İran kampaniyasından sonra daha 10 trilyondan çox gəlir götürəcəklər. Lakin bu plan baş tutmadı”.

Professorun iddiasına görə, ABŞ-İran razılaşmasının şərtləri ilə bağlı məlumatların mediaya sızdırılmasında İrana bağlı qüvvələrin rolu olub:

“ABŞ-İran danışıqları zamanı İran nümayəndə heyətinin görüş zalını tərk etməsi də təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, siyasi və diplomatik demarşlara adətən güclü tərəflər əl atırlar. Hesab edirəm ki, bu addımlar İranın maraqlarına uyğundur. Çünki onların əlavə tələblərinin də olduğunu düşünürəm. Görünən budur ki, İran bu prosesdən müəyyən qədər güclənmiş şəkildə çıxıb”.

C. Nuriyev əlavə edib ki, İran-ABŞ qarşıdurmasını qiymətləndirərkən Çin və Rusiya amilini də nəzərə almaq lazımdır:

“İran çox sayda raket və dronlardan istifadə etdi. Bunu Çinin dəstəyi olmadan həyata keçirməsi inandırıcı görünmür. Çin də yaranmış imkandan istifadə edərək silahlarını real şəraitdə sınaqdan keçirdi. Rusiya və Çin bu prosesdə İranın yanında yer aldılar. İran isə müharibə zamanı ABŞ-ın nüfuzuna ciddi zərbə vurdu”.

Müsahibimiz bildirib ki, hazırda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycanda işgüzar səfərdədir. Nuriyevin sözlərinə görə, İran tərəfi Azərbaycanla münasibətlərdə mövcud gərginliyi aradan qaldırmağa çalışır. Çünki müharibə dövründə Azərbaycanın qonşu ölkəyə hörmətlə yanaşdığını müşahidə edib.

“Baxmayaraq ki, bəzi əsassız və böhtan xarakterli ittihamlar səsləndirilmişdi, onların heç biri təsdiqini tapmadı. Buna görə də Qalibafın səfərinə İranın Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi kimi baxmaq olar”, - deyə o qeyd edib.

C. Nuriyev sonda bildirib ki, İran və ABŞ arasında danışıqların yaxın müddətdə nəticə verməsi çətin görünür. Onun sözlərinə görə, tərəflər bu yolla öz tələblərinin nəzərə alınmasına çalışırlar və xüsusilə İran tərəfinin çoxsaylı tələbləri mövcuddur.

Nemət Orucov
Reyting.az
 

Reklam