Advert
Advert

Professor: Sülh sazişi ilə bağlı Ermənistana ilin sonuna qədər vaxt verməliyik

Tarix:
 Professor: Sülh sazişi ilə bağlı Ermənistana ilin sonuna qədər vaxt verməliyik
Reklam

“Neçə aylardır ki, Ermənistanda keçiriləcək parlament seçkilərini gözləyirdik. Seçkilər artıq baş tutub. İndi isə ilin sonuna qədər sülh sazişinin imzalanmasını gözləməliyik. Əgər bu baş verməsə, Ermənistana təzyiqlər göstərilməlidir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev deyib. O, Ermənistanda keçirilən parlament seçkilərindən sonra Azərbaycanla imzalanması gözlənilən sülh sazişinin mümkünlüyü barədə sualı cavablandırıb.

Onun sözlərinə görə, istənilən beynəlxalq sazişin hazırlanması üçün 6 ay kifayət qədər vaxtdır.

“Onlar seçki kampaniyası zamanı da sülh məsələsinə vurğu edirdilər. İndi isə sülh təşəbbüsünü icra etməyə başlamalıdırlar”, - deyən professor qeyd edib ki, Ermənistanda referendum keçirilməsi ehtimalı çox aşağıdır:

“Bunun səbəbi Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyasının parlamentdə mütləq çoxluq əldə edə bilməməsidir”.

Cümşüd Nuriyev əlavə edib ki, Nikol Paşinyanın parlamentə düşən Robert Koçaryan və Samvel Karapetyanla razılaşma əldə etməsi real görünmür: “Çünki bu şəxslər bir-birini qəbul etmir və münasibətləri hətta düşmən səviyyəsindədir. Onların referendum məsələsində Paşinyanla razılaşma ehtimalı yoxdur. Paşinyanın özü isə parlamentdə üçdə iki səs çoxluğuna malik olmadığından referendum məsələsi real görünmür. Ehtimal edirəm ki, Paşinyan özü də tələsməyəcək və çalışacaq ki, referendum məsələsində Azərbaycana təzyiq etsin. Hazırda onların iki əsas məqsədi var - Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq və Azərbaycan ərazilərindən istifadə etmək. Hazırda Azərbaycan ərazilərindən istifadə edirlər və Ermənistana müəyyən mallar daxil olur. Türkiyə ilə sərhədlərin açılmasını da istəyirlər”.

C. Nuriyevin fikrincə, Azərbaycanın marağında olan əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır:

“Biz bunu istəyirik. Əslində, bu dəhlizin açılması Ermənistanın da xeyrinədir. Hesab edirəm ki, burada İranın maneələri olmamalıdır. Əgər İran Ermənistanla birlikdə hərəkət etsə, proses gecikə bilər. Ümumiyyətlə, Ermənistan müxtəlif dövrlərdə gizli şəkildə Rusiya, Fransa və İranla hərəkət edib. Ola bilsin ki, başqa dövlətlərlə də əlaqələri var və biz bunu bilmirik. Burada məsələ erməni xislətinə bağlıdır.

Ancaq biz də ölçülü və hesablı davranmalıyıq. Məsələn, bu müddət ərzində Azərbaycanın ekoloji mühitinə azı 2 trilyon zərər vurulub, halbuki Zəngəzur dəhlizinin ümumi dəyəri 700 milyard dolları keçmir. Biz səbrlə ilin sonuna qədər sülh sazişinin baş tutmasını gözləməliyik. Əgər saziş baş tutmazsa, bu zaman Azərbaycana dəyən ekoloji ziyan məsələsini gündəmə gətirməliyik. Bunun üçün həm hüquqi, həm də mənəvi əsaslarımız var. Üstəlik, hüquqi presedent də mövcuddur. Vaxtilə Almaniya bu məsələni qaldırıb və təzminat kimi Yunanıstandan iki adanı alıb. İndi biz də Azərbaycana vurulan ekoloji ziyanın qarşılığında dəhliz məsələsini gündəmə gətirə bilərik.

Biz indiyə qədər Ermənistanda keçirilən seçkiləri gözləyirdik. Seçki artıq baş tutub. İndi Ermənistan sülh sazişi imzalamalıdır. Əks halda biz ehtiyatlı, ölçülü və səbrli olmalı, imkanlarımızdan düzgün istifadə etməliyik”.

Nemət Orucov
Reyting.az

Reklam