Yeni dünya düzəninin tam formalaşmaması beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyi artırır, böyük dövlətlər arasında geosiyasi rəqabəti gücləndirir. Bu şəraitdə regional münaqişələrin dərinləşməsi və böyük güclərin dolayı qarşıdurmalarının artması ehtimalı yüksəlir.
Professor Cümşüd Nuriyev "Reytinq" qəzetinə açıqlamasında bildirib ki, yeni dünya düzəninin hələ tam formalaşmaması səbəbindən müharibələr və resurslar uğrunda mübarizə daha da şiddətlənə bilər.
Onun iddiasına görə, masonlar dünya hökuməti qurmaq niyyətində olsalar da, Rusiya bu planların reallaşmasına mane olub.
"Halbuki masonların ən güclü olduğu ölkələrdən biri Rusiyadır. Yaponiya, Çin və Cənubi Koreya kimi ölkələrə isə masonlar daxil ola bilməyiblər", - deyə professor bildirib.
C. Nuriyev qeyd edib ki, hazırda dünyada siyasi və iqtisadi maraqlar bir-biri ilə üst-üstə düşmür.
"Məsələn, 10 il əvvəl heç kim Azərbaycanın bu cür nəticələr əldə edəcəyini təsəvvür etmirdi. Halbuki bir neçə il əvvəl Azərbaycan yeni dünya düzəninin formalaşması prosesində fəal rol oynadığını nümayiş etdirdi. Azərbaycan Prezidenti bunu böyük məharətlə bacardı", - deyə o əlavə edib.
Professorun sözlərinə görə, ABŞ-ın İrana hücumu və müharibənin hazırkı nəticələrlə yekunlaşması da bir çoxları üçün gözlənilməz olub və bu kimi hadisələr yeni dünya düzəni ilə bağlı müxtəlif planlara təsir göstərib.
"Hesab edirəm ki, ABŞ-ın qarşısında Rusiya, Çin, Şimali Koreya və İran kimi dövlətlərin yaratdığı geosiyasi balans mövcuddur. Bu baxımdan yeni dünya düzəninin formalaşması mürəkkəb və uzunmüddətli prosesdir. SSRİ cəmi 70 il mövcud oldu, Çin isə minilliklər boyu dövlətçiliyini qoruyub saxlaya bilib. Hazırda Böyük Britaniya da beynəlxalq proseslərdə fəallığını artırır", - deyə Nuriyev bildirib.
Professor əlavə edib ki, dünya su qıtlığı və iqlim dəyişikliyi kimi qlobal problemlərlə də üz-üzədir.
"Bəzi qlobal güclərin dünyada əhalinin sayının azalmasını istədikləri barədə müxtəlif fikirlər səsləndirilir. Mənim qənaətimcə, yaxın illərdə yeni münaqişə ocaqları daha çox müsəlman dünyasında, Cənub-Şərqi Asiyada və Şərqi Avropada yarana bilər", - deyə o vurğulayıb.
Nemət Orucov
Reyting.az