Advert
Advert

PUA hücumları Rusiyada yanacaq qıtlığına səbəb olub

Tarix:
PUA hücumları Rusiyada yanacaq qıtlığına səbəb olub
Reklam

Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırıb və onun bərpası ilə bağlı ciddi çətinliklər yaranıb.

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi sənaye dairələrindəki mənbələrə istinadla məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, dəymiş ziyanın aradan qaldırılması üçün aparılacaq təmir işləri ən azı altı ay davam edə bilər.

Rusiya paytaxtının cənubunda yerləşən Moskva Neft Emalı Zavodu regionun ən böyük yanacaq təchizatçılarından biridir. Müəssisə 2024-cü ildə 11,6 milyon ton neft emal edərək 2,9 milyon ton benzin və 3,2 milyon ton dizel yanacağı istehsal edib.

Məlumata görə, zavod bu ay Ukrayna dronlarının iki hücumuna məruz qalıb və nəticədə fəaliyyətini dayandırmağa məcbur olub.

Qeyd edilir ki, Ukrayna uzunmənzilli pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiyanın enerji infrastrukturuna zərbələri intensivləşdirib. Eyni zamanda, Rusiya da Ukrayna şəhərlərinə, eləcə də enerji və müdafiə obyektlərinə raket hücumlarını davam etdirir.

Bildirilir ki, Ukraynanın hücumları nəticəsində Rusiyanın neft emalı güclərinin əhəmiyyətli hissəsi sıradan çıxıb. Bu isə neft məhsullarının çatışmazlığına, yanacaq qiymətlərinin artmasına və ölkənin bir çox bölgəsində yanacaqdoldurma məntəqələrində uzun növbələrin yaranmasına səbəb olub.

Yanacaq böhranı fonunda Rusiya hökumətinin dizel yanacağının ixracına məhdudiyyətlər qoymağı və ya ixracı müvəqqəti dayandırmağı nəzərdən keçirdiyi bildirilir. Rusiya mətbuatının məlumatına görə, vəziyyətin xüsusilə ağır olduğu Krımda yanacaq çatışmazlığının aradan qaldırılması üçün müxtəlif variantlar müzakirə olunur.

Məlumata əsasən, ilin əvvəlindən etibarən Ukrayna PUA-ları Rusiyanın neft emalı zavodlarına azı 40 dəfə hücum edib. Bu hücumlar Moskva və ətraf bölgələrdə benzin qıtlığı riskini artırıb.

Artıq Moskva vilayətində bəzi yanacaqdoldurma məntəqələrində növbələr müşahidə olunur, paytaxtın bir sıra məntəqələrində isə benzin satışına müəyyən məhdudiyyətlər tətbiq edilib.

V. Quliyev
 

Reklam