Avropa dillərində işlədilən “pul” sözlərinin mənşəyi yeni araşdırmaların mövzusuna çevrilib.
Elm adamlarının fikrincə, Avropa dillərində çoxsaylı sözlər oxşar səslənsə də, məhz pul anlayışını ifadə edən sözlərin əhəmiyyətli hissəsi mənşəcə fərqlənir və daha çox alınma sözlərə bənzəyir.
Reyting.az xəbər verir ki, 2026-cı ilin infoqrafik hesabatını hazırlayan mütəxəssislərin qənaətinə görə, rus dilindəki “denqi” sözünün mənşəyi türk dillərinə bağlıdır. Araşdırmalar göstərir ki, bir sıra türk xalqlarında xırda gümüş və ya mis sikkələr “təngə” adlanıb.
Avropalı tədqiqatçılar hesab edirlər ki, bu versiya tarixi faktlara daha yaxındır. Çünki “denqi” sözü Rusiyaya Qızıl Orda dövründə daxil olub. Sonralar “denqa” yarım qəpiklik sikkənin adı kimi işlədilsə də, zaman keçdikcə ədəbi və danışıq dilində ümumi “pul” mənası qazanaraq bütün pul növlərinə şamil edilib.
İngilis dilində pul “money” adlanır. Bu sözün mənşəyi ilə bağlı aparılan araşdırmalar alimlərin diqqətini yenidən cəlb edib. Tədqiqatçılar bildirirlər ki, “money” sözü latınca “moneta” sözündən yaranıb və bununla bağlı kifayət qədər elmi sübut mövcuddur. Roma mifologiyasında Moneta ilahə Yunonanın adlarından biri olub. Onun məbədinin yaxınlığında yerləşən böyük zərbxana səbəbindən “moneta” sözü sonradan pul anlayışı ilə əlaqələndirilib.
Araşdırma müəlliflərinin sözlərinə görə, roman dillərinin bir çoxunda pulu ifadə edən sözlər qədim Roma sikkəsi olan “denarius”un adından törəyib. Maraqlıdır ki, qədim Şərq ölkələrində də “dinar” adlı pul vahidi mövcud olub.
Fransız dilində pul mənasında işlədilən “argent” sözünün tarixi də diqqət çəkir. Bu söz eyni zamanda “gümüş” mənasını verir və qədim latın dilindəki “argentum” sözünün müasir forması hesab olunur.
Alman dilindəki “Geld” sözü isə qədim german mənşəlidir. Bu söz yalnız “pul” deyil, həm də “ödəniş”, “əvəz” və ya “əvəz etmək” mənalarını ifadə edir.
Mərkəzi Avropanın bir sıra ölkələrində pul anlamında işlədilən oxşar sözlərin əksəriyyətinin kökü qədim slavyan dilindəki “penyaz” sözünə bağlanır. Dilçilərin fikrincə, həmin söz qədim alman dilində pul mənasını verən “pfenninq” sikkəsinin adından götürülüb.
Belarus dilində pul “qroşı”, Ukrayna dilində isə “qroşi” adlanır. Bəzi alimlər bu sözlərin polyak dilindən keçdiyini və mənşəcə orta əsrlərdə geniş yayılmış “qroş” adlı gümüş sikkənin adı ilə bağlı olduğunu bildirirlər. Bununla belə, “qroş” sözünün tarixi mənşəyi barədə tədqiqatçılar arasında hələ də vahid fikir formalaşmayıb.
Oqtay Qorçu