Advert
Advert

Putinin nüvə təlimlərində məqsədi nədir?

Tarix:
Putinin nüvə təlimlərində məqsədi nədir?
Reklam

Rusiya gözlənilməz nüvə təlimləri vasitəsilə Ukraynanın müttəfiqlərinə güc nümayiş etdirməyə və diqqəti cəbhədə artan problemlərdən yayındırmağa çalışır.

Reyting.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW)  Rusiyanın mayın 21-dək davam edəcək nüvə təlimləri ilə bağlı təhlilində qeyd olunub.

Bildirilir ki, Rusiya Ukraynanın müttəfiqlərinə təzyiq göstərmək və döyüş meydanında getdikcə daha çox nəzərə çarpan zəifliklərini ört-basdır etmək məqsədilə əvvəlcədən elan edilməmiş strateji nüvə təlimlərindən istifadə edir.

Analitiklərin fikrincə, Rusiya 19-21 may tarixlərində keçirilən təlimləri əvvəlcədən açıqlamayıb və onları qeyri-rəsmi olaraq “Göy gurultusu” kimi tanınan ənənəvi hava, quru və dəniz nüvə manevrlərindən xeyli əvvəl təşkil edib. Qeyd olunur ki, Rusiya bu təlimləri 2022-ci ildən etibarən hər il oktyabr ayında keçirir.

Rusiya qüvvələri sonuncu dəfə 2024-cü ilin yayında nüvə təlimləri keçirib. Həmin vaxt təlimlər qeyri-strateji (taktiki) nüvə silahlarına yönəlmişdi və ehtimal olunur ki, məqsəd Ukraynaya uzaqmənzilli silahların verilməsi ilə bağlı Qərbdə gedən müzakirələrə təsir göstərmək idi.

Ekspertlər bildirirlər ki, Kreml təlimlərlə paralel olaraq NATO-ya qarşı uzunmüddətli təhdid ritorikasını da davam etdirir. Xatırlanır ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov mayın 19-da Rusiya ilə NATO arasında birbaşa toqquşma riskinin artdığını bildirib və NATO-nu təxribatda ittiham edib.

ISW qeyd edir:

“Rusiya qüvvələri 19-21 may tarixlərində NATO-nun qərar qəbuletmə prosesinə təsir göstərmək və öz zəifliklərini gizlətmək məqsədilə uzun müddətdir istifadə etdiyi informasiya narrativlərini gücləndirməklə yanaşı, qəfil nüvə təlimləri keçirir. Rusiya ordusu indiyədək yaz-yay hüumlarında ciddi uğur əldə edə bilməyib. Ukrayna qüvvələri cəbhənin bir sıra istiqamətlərində taktiki təşəbbüsü ələ keçirib, həmçinin Rusiya ordusu ölkənin dərin arxa bölgələrini Ukraynanın getdikcə daha dağıdıcı zərbələrindən qoruya bilməyib”.

Analitiklər vurğulayırlar ki, Kreml “refleksiv nəzarət” taktikasından istifadə etməyə çalışır. Bu taktika informasiya əməliyyatları və hədəfli ritorika vasitəsilə qarşı tərəfin davranışını formalaşdırmağa, onu Moskvanın maraqlarına uyğun qərarlar verməyə sövq etməyə yönəlib.

ISW hesab edir ki, Kreml bu yolla Ukraynanın Avropa tərəfdaşları ilə münasibətlərini zəiflətməyə və Kiyevə göstərilən hərbi-siyasi dəstəyi azaltmağa çalışır.

Bundan başqa, ekspertlər Rusiyanın Baltikyanı ölkələrə qarşı mümkün gələcək təcavüz üçün informasiya zəmini formalaşdırmaq istiqamətində fəaliyyətini gücləndirdiyini düşünürlər. Buna misal olaraq, Rusiya Xarici Kəşfiyyat Xidmətinin Ukraynanın guya Baltikyanı ölkələr, xüsusilə Latviyanın ərazisindən Rusiyanın arxa bölgələrinə dron hücumları təşkil edə biləcəyi barədə yaydığı açıqlama göstərilir.

ISW-nin məlumatına görə, Rusiya kəşfiyyatı bununla Latviyadakı hərbi bazalara və qərar qəbuletmə mərkəzlərinə zərbə endirilə biləcəyinə eyham vurub.

Analitiklərin qənaətinə görə, bu cür açıqlamalar Rusiya rəsmilərinin Baltikyanı ölkələr və Finlandiyanın hava məkanının mümkün pozulmasına, eləcə də onlara qarşı digər hərbi əməliyyatların aparılmasına zəmin yaratmaq cəhdlərinin davamıdır.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi nüvə qüvvələrinin təcavüz təhlükəsi şəraitində hazırlanması və istifadəsi ilə bağlı təlimlərin başlandığını elan edib. Manevrlər mayın 19-21-də keçirilir.

Təlimlərə 64 mindən çox hərbi qulluqçu və 7800-dən artıq texnika cəlb olunub. Təlimlərdə Strateji Raket Qüvvələri, Sakit Okean Donanması və Şimal Donanması iştirak edir.

V. Quliyev
 

Reklam