Rusiya 2028-ci ilin sonunadək Baltikyanı ölkələrə hücum etmək üçün yaranmış “fürsət pəncərəsindən” istifadə edə bilər.
Reyting.az xəbər verir ki, bu barədə Latviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Kaspars Pudans “Financial Times” nəşrinə müsahibəsində xəbərdarlıq edib.
Generalın sözlərinə görə, Rusiyanın NATO ölkələri üzərində üstünlüyü qabaqcıl texnologiyalara malik olmasında deyil, böyük həcmdə dron istehsal etmək və onları döyüş şəraitinə sürətlə uyğunlaşdırmaq bacarığındadır.
Latviyalı general bildirib ki, Rusiya Avropanın yenidən silahlanma prosesinin ləng tempindən yararlana bilər. Çünki əksər hərbi modernləşdirmə proqramlarının 2029-cu ilə qədər tam fəaliyyətə başlaması gözlənilmir.
“Əgər mən Kremldə olsaydım, deyərdim ki, əgər hansısa addım atılacaqsa, bu, 2028-ci ilin sonuna qədər edilməlidir”, – deyə Pudans qeyd edib.
Bölgədəki digər rəsmilər də Rusiyanın mümkün hücumunun əvvəlki proqnozlardan daha tez baş verə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onların fikrincə, belə bir addım Baltikyanı ölkələrin və ya NATO-nun şərq cinahında yerləşən digər üzv dövlətlərin müdafiə qabiliyyətinin sınaqdan keçirilməsi məqsədi daşıya bilər.
“Əgər siz Vladimir Putinsinizsə, gec deyil, daha tez hərəkət etməyə çalışmaq üçün bir neçə səbəbiniz var. Birincisi, Donald Trampın prezidentlik müddətinin bitməsinə iki il qalıb və ondan sonra hakimiyyətə kimin gələcəyi məlum deyil. İkincisi, Avropa ölkələri müdafiə xərclərini artırırlar. Buna görə də daha erkən hərəkət etmək məntiqli görünə bilər”, - deyə NATO-nun cəbhə xəttində yerləşən ölkələrindən birinin müdafiə rəsmisi bildirib.
Eyni zamanda qeyd olunur ki, Rusiyanın mümkün hərbi əməliyyatları Ukraynadakı müharibədə tətbiq olunan taktika və texnologiyalara əsaslana bilər. Pudansın sözlərinə görə, Rusiya ordusu davam edən döyüşlər zamanı əldə etdiyi təcrübə sayəsində yeni texnologiyaları sınaqdan keçirmək və təkmilləşdirmək imkanı qazanıb.
General vurğulayıb ki, Ukraynada aktiv döyüş əməliyyatları davam etdiyi müddətdə Rusiyanın genişmiqyaslı işğal həyata keçirmək üçün kifayət qədər qüvvəsi yoxdur. Bununla belə, o qeyd edib ki, müharibə başa çatdıqdan sonra Moskva qısa müddətdə daha ciddi təhlükəyə çevrilə bilər.
E. Kamal