Advert
Advert

Qərb Şəriyəsində ümumi tətil gündəlik həyatı iflic edib

Tarix:
Qərb Şəriyəsində ümumi tətil gündəlik həyatı iflic edib
Reklam

İsrailin fələstinli məhbuslara ölüm cəzasının tətbiqinə icazə verən qanununa etiraz olaraq işğal olunmuş Qərb Şəriyəsində elan edilən ümumi tətil gündəlik həyatı iflic edib.

Reyting.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, mağazalar, dövlət və özəl müəssisələr, banklar, universitetlər və məktəblər bağlansa da, xəstəxanalar və çörək sexləri fəaliyyətini davam etdirir.

Fələstin Muxtariyyətinin mərkəzi olan Ramallahda küçələr boş qalıb, müəssisələr bağlanıb.

Tətil bir gün əvvəl qanuna etiraz olaraq FƏTH hərəkatının çağırışından sonra baş tutub.

FƏTH bildirib ki, tətil İsrail qanunvericiliyinə qarşı mübarizənin bir hissəsidir və bu addımı təhlükəli eskalasiya, fələstinlilərə qarşı yönəlmiş pozuntu kimi qiymətləndirib. Hərəkat, həmçinin, ictimai səfərbərliyin genişləndirilməsinə və qanunun ləğvi üçün regional və beynəlxalq təzyiqlərin artırılmasına çağırıb.

Eyni zamanda, çərşənbə günü Ramallahda Fələstin Məhbus Cəmiyyəti, Həbsxana İşləri Komissiyası və “Addameer” hüquq müdafiə qrupu da daxil olmaqla məhbusların müdafiəsi ilə məşğul olan təşkilatların Manara meydanında təşkil etdiyi mitinqdən sonra minlərlə insan etiraz yürüşünə çıxıb.

Məlumata görə, nümayişçilər Ramallahın bir neçə küçəsi boyunca hərəkət edərək İsrail siyasətinə və ölüm cəzası ilə bağlı qanuna qarşı şüarlar səsləndirib, İsrail həbsxanalarında saxlanılan məhbuslara dəstək ifadə ediblər.

Fələstin fraksiya liderləri və din xadimləri də yürüşə qoşulublar.

Etiraz zamanı iştirakçılar Fələstin bayraqları dalğalandırıb və həmrəylik pankartları qaldırıblar.

Qeyd edək ki, İsrail Knesseti bazar ertəsi mübahisəli qanun layihəsini təsdiqləyib. Qanun məhkəmələrə prokurorun tələbi və yekdil məhkəmə razılığı olmadan israilliləri qəsdən öldürməkdə ittiham olunan fələstinlilərə ölüm cəzası tətbiq etməyə imkan verir. Bu norma, həmçinin, işğal olunmuş Qərb Şəriyəsində fələstinlilərlə bağlı işlərə baxan hərbi məhkəmələrə də şamil olunur.

Məhbus İşləri Komissiyasının məlumatına görə, hazırda İsrail həbsxanalarında saxlanılan 117 fələstinli bu qanunun təsiri altına düşə bilər.

Qanunvericilik İsrail daxilində də ciddi tənqidlərə səbəb olub. Nobel mükafatı laureatları, keçmiş hərbi rəsmilər və sabiq Ali Məhkəmə hakimləri də daxil olmaqla təxminən 1200 israilli fevral ayında bu qanuna etiraz edərək onu “mənəvi ləkə” adlandırıblar.

Fələstin tərəfi bildirir ki, İsrail həbsxanalarında 9500-dən çox fələstinli saxlanılır. Onlardan 350-si uşaq, 73-ü isə qadındır. Fələstin və İsrail insan haqları təşkilatlarının məlumatına görə, saxlanılan şəxslər işgəncə, aclıq və tibbi laqeydliklə üzləşir, bu isə çoxsaylı ölümlərlə nəticələnir.

Qəzzanın Səhiyyə Nazirliyi isə bildirir ki, 2023-cü ilin oktyabr ayından bəri davam edən müharibə fonunda İsrail saxlanılan fələstinlilərə qarşı tədbirləri daha da sərtləşdirib. Nazirliyin məlumatına görə, bu müddətdə Qəzzada 72 mindən çox insan həlak olub, 172 min nəfər isə yaralanıb.

R. Rəcəbov
 

Reklam