Qazaxıstanda "yeni növ neft" hesab edilən nadir metalların böyük ehtiyatları aşkar edilib. Qazaxıstan dövləti artıq karbohidrogen hasilatının azalması fonunda geoloji kəşfiyyata investisiyalarını artırmaq qərarı verib.
Reyting.az Qazaxısatn KİV-lərinə istinadla bildirir ki, son bir il ərzində bu ölkədə 17 yeni nadir metal yatağı kəşf olunub.
Ekspertlərin fikrincə, Qazaxıstan öz prioritetlərini dəyişir və neft ilə qazın yerini nadir torpaq metalları tutur.
Rəsmi məlumatlara əsasən, ölkədə geoloji tədqiqatların sahəsi ümumilikdə 2 milyon kvadrat kilometrdən çoxdur və bu il əlavə 100 min kvadrat kilometrlik bir ərazidə iş aparmaq üçün xəritə hazırlanacaq. Yaxın üç il ərzində isə Qazaxıstan bu sahəyə 240 milyard tenge dövlət vəsaiti ayırmağı planlaşdırır.
Qazaxıstanın ümumi ehtiyatları arasında 4,3 milyard ton neft, 3,8 trilyon kubmetr qaz, böyük həcmdə qızıl, həmçinin mis və digər faydalı qazıntılar da var. Rəsmi statistikaya görə, Qazaxıstan ərazisində ümumilikdə 10 minə yaxın yataq mövcuddur.
Xüsusilə nadir metallar sayılan litium, berillium, tantal və digərləri çox yüksək texnologiya, o cümlədən enerji sektorunda tələbatın artması səbəbindən sürətlə qlobal miqyasda strateji əhəmiyyət qazanır.
Əlaqədar qurumlar bildirirlər ki, ötən il kəşf edilən Kuyrıktıköl adlı yataqda təxminən 800 min tona qədər nadir torpaq elementləri var.
Qlobal tələbat fonunda Qazaxıstan dövləti bu sahədə investisiyanı artırmaq üçün müasir texnologiyalara əsaslanmış kompleks hasilat modelinə keçməyə çalışır.
Oqtay QORÇU