İran və ABŞ tərəfindən Hörmüz boğazının blokadası qlobal iqtisadiyyat üçün fəlakətli nəticələrə səbəb olub.
Reyting.az TASS-a istinadla bildirir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl-Cabir deyib.
Nazir qeyd edib ki, Yaxın Şərqin ən vacib logistika arteriyasının bağlanması qlobal enerji bazarında milyard barel neft çatışmazlığına səbəb olub. Əl-Cabir izah edib ki, bu da öz növbəsində aviabiletlərin (20 faiz artım), yanacağın (30 faiz artım) və gübrələrin (50 faiz artım) qiymətlərinin kəskin artması ilə nəticələnib.
Nazir əlavə edib ki, Hörmüz boğazının hər gün bağlanması dünyanın hər yerindəki adi istehlakçılara təsir göstərir. Zavodlar və sənaye müəssisələri də mənfi təsirə məruz qalır. Bu fonda BƏƏ naziri ABŞ və İranı sülh danışıqlarında mümkün qədər tez irəliləyiş əldə etməyə və Yaxın Şərqdə gəmiçiliyi bərpasına çağırıb.
Lakin Vaşinqton və Tehran hələ də bundan uzaqdırlar. İran hakimiyyəti Amerika və İsrail hərbçilərinin vurduğu ziyana görə kompensasiya tələb etməkdə, eləcə də dəniz neft ixracının tez bir zamanda bərpa edilməsində və yerli limanların blokadasının dərhal aradan qaldırılmasında israr edir.
V. Quliyev