Advert
Advert

Qlobal ərzaq bazarına hansı ölkələr nəzarət edir?

Tarix:
Qlobal ərzaq bazarına hansı ölkələr nəzarət edir?
Reklam

Dünyanın ən böyük ərzaq ixracatçıları sırasında yer alan 30 ölkə qlobal kənd təsərrüfatı məhsulları ixracının 80 faizdən çoxunu təmin edir. Bu ölkələrin ümumi ixrac həcmi təxminən 1,5 trilyon dollar təşkil edir.

Reyting.az xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının təqdim etdiyi yeni məlumatlarda qeyd olunub.

Mütəxəssislərin fikrincə, dünya ərzaq sistemi əsasən az sayda ölkənin əlində cəmləşib. İlk 10 ixracatçı dövlət qlobal aqrar ixracın təxminən yarısını formalaşdırır. Bu isə həmin ölkələrə qiymətlərə və tədarük zəncirlərinə qlobal miqyasda ciddi təsir göstərmək imkanı verir.

Ərzaq ticarətində əsas mövqeləri Amerika qitəsinin ölkələri tutur. ABŞ, Braziliya, Kanada və Meksika birlikdə dünya aqrar ixracının təxminən 30 faizini təmin edir. Çin Xalq Respublikası isə dünyanın ən böyük kənd təsərrüfatı istehsalçılarından biri olsa da, istehsal etdiyi məhsulların böyük hissəsini daxili bazarda istehlak etdiyindən ixrac göstəricilərinə görə daha aşağı pillələrdə qərarlaşır.

Asiya-Sakit okean regionunda Avstraliya mal əti, buğda və arpa ixracı ilə seçilir. Siyahıda yer alan İndoneziyanın isə palma yağı ixracında dünya liderlərindən biri olduğu vurğulanır.

Avropada isə üstünlük əsasən yüksək texnologiyalar və inkişaf etmiş logistika sistemləri ilə bağlıdır. Xüsusilə qeyd olunur ki, Niderland Krallığı ərazi baxımından kiçik olsa da, müasir və yüksək texnologiyalı kənd təsərrüfatı sistemi, eləcə də güclü logistika şəbəkəsi sayəsində dünyanın ən böyük ərzaq ixracatçıları sırasında yer alır. Fransa və Almaniya da taxıl, süd və emal olunmuş qida məhsullarının ixracında ön sıralardadır.

İnfoqrafikanı hazırlayan ekspert qrupunun rəyinə görə, qlobal ərzaq ticarətində əldə olunan uğurlar təkcə geniş torpaq sahələri ilə izah olunmur. Bu uğurlar həm də texnologiyanın inkişaf səviyyəsi, logistika imkanları və infrastrukturun keyfiyyəti ilə ölçülür.

Oqtay Qorçu
 

Reklam