“Marallarım” silsiləsindən dördüncü yazı
Müəllif: BİRCƏ
(Əbdürrəhim bəy Haqverdiyevin ruhuna sonsuz ehtiramla)
Allah Sənə qəni-qəni rəhmət eləsin, Əbdürrəhim bəy! Bu cızma-qaraları Sənin marallarından ilhamlanıb yazıram.
Məndəkilər çox bicəltəkdilər, səninkilərin əlinə çöpü cüt-cüt verərlər. Gəl gör mənim nə qədər dodağı pöşük, yanbızı şişik, qarpız boyda başının içində darı dənəsi qədər ağlı olmayan, ev yıxan, yuva dağıdan marallarım var. Səndə belələri çətin tapıla.
Mənim də həci, kərbəlayı maralım çoxdu. Bu gün onun birindən danışmaq istəyirəm Sənin müqəddəs ruhunun hüzurunda.
Sinəsi yaralı aşıq sazını basdı sinəsinə, “Paşaköçdü” havası üstündə aldı görək nə dedi…
Qoqu bizim sinifə səkkizi bitirəndən sonra gəldi. Kəndimizdə məktəb yoxuydu, bağça adıyla qondarılmış tikilidə kəndin uşaqları ikinci sinifəcən oxuyub, üçüncüyə adlayanda bizdən irəliki kəndin məktəbinə gedərdilər. Məndən kiçik bacılarım sonradan həmən ikillik məktəbin şagirdi oldular, mənisə birbaşa qonşu kənddəki məktəbə qoymuşdular. Qoqu da elə o kəndin uşağıydı.
Gerçək adı Vasif idi. Biz tərəflərdə ayaması olmayan tək qızılgül kollarıydı. Dərinə getsən, onların da ləqəbi vardı – Leylanın kolpan qızılgülü, Kərişin qarışqalı, cırtı qızılgülü… Çox sadalaya bilərəm, fikrinizi yayındırmayım. Böyüyüb məktəbə gedəndən sonra ağlaşma qurub, valideynimizə yalvarıb adımızın qabağındakı ləqəbləri “sildirirdik”. Şəxsən mənim iki ləqəbim vardı: biri Dokinim, biri də Mamaş. Dokinim nəmənədi, bu gün də bilmirəm, bu sözün mənşəyini xeyli araşdırsam da, bir yana çıxarammadım. Əmilərim ölənəcən mənə Mamaş dedilər.
İki kənddə çox az adam Qoqunu adıyla çağırardı: olsa-olsa sinifdə müəllimlər, bir də ondan it kimi qorxan uşaqlar. Vasif səkkizi bitirəndə bütün məktəb şadyanalıq eləmişdi, hamı elə bilirdi onu da peşə məktəbinə göndərəcəklər, uşağın-böyüyün qulağı dincələcək. Di gəl, göndərə bilmədilər, Qoqunun atası məktəbə sürhaya gəldi, yoxlayıb gördülər ki, uşağın davamiyyəti yaxşıdı, çox fəndən qiyməti əladı.
Zəif şagirdləri peşə məktəblərinə yerləşdirəndən sonra iki paralel sinifdə uşaq azaldı, ona görə sinifləri birləşdirib şagirdləri bir yerə topladılar. Beləliklə, bu od-alov, çınqı oğlan bizim sinifə gələsi oldu…
Bir az onun kimyasından danışım, maralımın portretini sizə yaxından göstərim, sonra yolumuza davam eləyək.
Tay-tuşları hələ üzünə ülgüc vurmamış Qoqu məktəbə az qala bığ buraxıb gəlirdi. Tənəffüsdə söyüş söyürdü, döşü-başı bir balaca gözə girən qızlara sırada əl atır, onların dəftər-kitabını palçığa bulayırdı.
Qonşuları ona döyüşdürmək üçün bərk yumurta verməyəndə qonşunun ot tayasına od vurmuşdu. Yuxarı siniflərdə hansısa oğlanın hansısa qızdan xoşu gəldiyini bilsəydi, hər iki cavanı zülmə, qana salardı. Əvvəlcə gedib həmən qızı qardaşına, ya əmisi oğluna çuğullayıb yaxşıca çırpdırardı, sonra da eşqə düşən oğlanı eldə tüncar eləyər, özünə siqaret aldırmamış dincəlməzdi. Bütün məktəb bilirdi Qoqu siqaret çəkir.
Onuncular xatirə dəftəri tutardılar, məktəbdən ayrılmağa az qalmış dəftərlərini pioner guşəsinə qoyardılar, istəyən götürüb istədiyi dəftərə xatirəsini yazardı. O dəftəri bəzəmək də asan başa gəlməzdi, içinə rəngli şəkillər, hind artistlərinin açıqcaları vurulardı.
Bir gün bu qan dağarı girəvələyib bütün dəftərlərdəki şəkilləri xəlvətcə cırıb götürdü, vərəqlərə söyüş-filan yazıb qaçdı. Aləm dəydi bir-birinə, Qoqunun atası məktəbə gəldi, onu uşaqların gözü qabağındaca yaxşıca əzişdirdi, müəllimləri Vasifi tənbehlədilər. Amma nolsun, nə dəyişdi? Başındakı qozalar sağalmamış Qoqu daha betər pəstahalar çıxardı.
Qalan iki ilimizi onunla oxuyacağımızı biləndə uşaqlar yasa batdılar. Sinif rəhbərimiz bizi toxtatdı, hamını sinisaf olmağa çağırdı. Qoqu ayağını sinifə qoyan kimi əlindəki bir cüt dəftəri müəllimin qabağındakı partanın üstünə atıb eşilməyə başladı:
- Hamınız cəhənnəm olun arxa partalara! Pahh, bunlara bax (biz gəlmələri deyirdi), o boyda kəndləri var, içində bir xaraba tikilisi yoxdu ki, oturub dərs keçələr. Mənim kəndimin məktəbində oxuyacaqlar, özləri də qabaqda oturacaqlar. Süpürülün dala!
Oğlanlı-qızlı bir-birimizə baxdıq. Bizim dövrün uşaqlarında bunca azğınlıq, sırtıqlıq, belə silinsimiş sifət hər saat tapılmazdı. Qoqu bizi dal cərgələrə qovub lap qabaqdakı partanın arxasına keçdi, ayaqlarını da gərməncə qoydu. İlk dərsimiz rus diliydi. Zəng vurulub müəllim içəri girəndə hamımız ayağa qalxıb xorla salam verdik. Təkcə Vasif oturduğu yerdəncə “salam, uçitel” deyib hırıldadı.
Bir gün ədəbiyyat dərsində Qoqunun şitliyi yenə tutdu. Qapıbır qonşuları Mahirənin atasına, onun eşşəyinə yekə karikatura çəkib qızın qucağına atdı. Qız ağladı. Ədəbiyyat müəllimimiz Musa əmimin oğluydu, çox çalışdı qızı kiritsin, Qoqunu sülhə çağırsın, olmadı, Qoqu hər dəfəsində bir az da bərkdən güldü, sinfimizin gözü sayılan Mahirənin arıq, fağır, zəhmətkeş atasının yaxasını, kişinin də eşşəyinin quyruğunu buraxmadı.
Dərs döndü xoruz döyüşdürənlərin batdaqlı meydanına. Müəllimimiz Qoqunu qamarlayıb başının üstünə qaldırdı, elə o qəlbilikdən də yerə çaxdı. Vasif dikəlib döşəmədə bardaşqurma oturdu, dodaqları gömgöy göyərdi. Sinifə ölüm sükutu çökdü, bayaqdan zarıyan Mahirənin də səsi batdı. Elə bildim Qoqunun ürəyi qırılıb bağırsaqlarına dolaşıb, handan-hana əcuzanın içində itmiş səsi çölə püskürdü, səldirləyə-səldirləyə yerdən qalxdı, Mahirəyə barmaq silkələyib sinifdən qaçdı.
Beşcə dəqiqə sonra Vasif sinif otağının arxa bağçaya açılan pəncərəsinin altında fışqırıq çalırdı. Elə bil canı it canıydı.
Qərəz, heç bir cəza növü ona təsir göstərmirdi, bütün uşaqların qorxduğu zirzəmi belə vecinə deyildi. Neçə dəfə salmışdılar, o qaranlıqdan irişə-irişə çıxmışdı.
Hamımız yazda-yayda gün altında, payız-qış soyuqda-sazaqda səhərdən axşamacan çalışan əliqabarlı kişilərin uşaqlarıydıq. Bizi il on iki ay beli şallı, başı çalmalı, ayağı qalın corablı, kəndimizdən qıraq dünyadan xəbərsiz analar doğub böyütmüşdü. Belə cəfakeş atalara, analara Qoqu əsla rəhm eləmirdi, fürsət düşən kimi onlardan birini qaralayırdı. Qəribə burasıydı ki, oğlan ancaq öz kəndçilərini alçaldırdı, bizim kənddən olan sinif yoldaşlarına yaxın gəlmirdi. Mənə bəlkə də qardaşlarımdan qorxduğuna görə ilişmirdi.
Bir gün yapışdı Zərinin yaxasından:
- Nədi, aaazz, dədən qanqal Əhməd deyilmi? Nə fors verirsən? Sənin dədəni əlli kiloluq torbaya basaram, üstünə də səni qoyub dalıma alaram. Yığışdır, az, o qırcınlarını!
Sinif dəydi bir-birinə: Zəri yazıq artıq yekə qızıydı, saçını on ilin hörüyündən açıb darayıb kürəyinə atmışdı.
Sonra gənə kimi yapışdı bir ayrısının üzünə:
- Əəə, sənin dədən cırtı Surxay deyil? Demədim mənim riyaziyyatımı yaz?!
Onunla eyni boyda olan oğlan pərt-pərt qızardı:
- Daha köçürməyəcəm, al özün köçür.
Qoqu oğlanın boynundan tutub sinif boyu sürüdü:
- Qudurma, bala, dədən cırtı Surxaydı ey, qudurma…
Bir gün gördüm Aybəniz ağlayır, yanlayıb söz almaq istədim.
- Mənim də atam çox arıqdı, axşamacan kolxoza suçuluq eləyir, – qız göynədi, – qorxuram Vasif bir gün də ona lağ eləyə.
Qıza heç cür ürək-dirək verə bilmədim, çünki namərdin dolu tüfəngi daim qoltuğundaydı, onu nə vaxt guruldadacağını bilə bilməzdik.
Vasifin əlindən uşaqlar az qalırdılar günün yandırıb qayışa döndərdiyi arıq-arğaz atalarını boğub öldürüb özlərinə Qoqunun dədəsi kimi ətli-göbəkli, qəşəng geyimli dədə tapsınlar. Vasifin atası ətliyin müdürüydü, insafən heç pis adam da deyildi.
İlana bal yalat, nə faydası, yenə zəhər qusacaq. Bir gün Qoqu məktəbə qoltuğunda torba dolusu şirin alçayla gəldi. Torbanı qoydu ortalığa, alçaya baxan olmadı – bilmirdik axı alçanın içində nə var, onu yesək, başımıza nə gələcək. Heç kim alçaya əl uzatmayanda Qoqu pisikdi, qalxıb torbanı qamarladı, pələş əlləriylə hamının ovcuna beş-altı alça dürtüb yerinə qayıtdı:
- Yeyin də, nə gözlərinizi döyürsüz? İndən belə heç birinizin xətrinə dəyməyəcəm. Məktəbi bitirməyimizə az qalıb, alçaları yeyin, dost olaq.
Dəqiq bilirəm ki, bizim kənddən olan sinif yoldaşlarımın heç biri o alçadan dadmadı. Qoqu həmişə burnunu çəkirdi, gənziyindən donuz kimi xort-xort səslər çıxarırdı. Yenə də burnunu çəkib, həmin səsdən çıxarıb yerinə oturdu, kəndçiləri alçaları yedikcə qımışmağa başladı.
Məktəbimizin pioner təşkilatı o məşhur yetimçə Pavlik Morozovun adını daşıyırdı. Qoqunun məktəbə bircə faydası vardı ki, tədbirlərimizdə şeypur çalırdı – hər uşağın nəfəsi çatmazdı o aləti ulatmağa. Tədbirlərin birində yenə şeypur füləyəndə Qoqunun fırtılığı bir cüt şar kimi dombalıb burnundan çölə çıxmışdı. Bu mənzərə onun incitdiyi uşaqların ürəyincə olmuşdu. Hamının güldüyünü görən sülöysün şeypuru tullayıb, bizim balaca qəhrəmanımız Pavlikin də dədəsinə söyüb qaçmışdı.
O söyüş Qoquya baha başa gəldi: komsomol biletini əlindən aldılar, onu daha heç bir tədbirə çağırmadılar. Bütün siniflərdə müəllimlər bu hadisədən danışıb Qoqunun əməlini pislədilər. Kəndin yaşlı-başlı adamlarının karikaturasını çəkib divarlara vuran, kasıb-kusubun eşşəyini aparıb dərədə minən sırtığa heç nə demədilər, ancaq atasının üzünə duran Pavlikə görə onun üzünün olmayan suyunu da qaşıyıb tökdülər.
Oğlanın içində daim şeytanlar oynaşardı. Əlindəki ləziz bir şeyi sinifin ən kasıb uşağının yanında, onun gözlərinin içinə baxa-baxa yeyərdi. Bir gün sinifdə bir sevgi məktubu oxumuşdu, heç nə başa düşməmişdik. Amma hər gün gözünün yaşını axıtdığı qonşusu Mahirə pörtüb poralmışdı. Deməyəsən məktubu Mahirənin böyük bacısına sevdiyi oğlan yazıbmış, qız əsgər sevgilisindən aldığı məktubları təndirxanalarındakı köhnə sırtovun cibində gizlədirmiş. Bundan duyuq düşən mənim sümsük maralım da həmən məktubları topasıyla götürüb kəndin uşaqlarına oxuyub loğaz eləyirmiş.
Qoqu, yalan olmasın, üç ay o məktubları sinifin qarşısında oxudu, biz qulaqlarımızı tutduq, Mahirə zülüm-zülüm ağladı. Axırda qızın nənəsi gəlib direktorun otağında oturdu, sinif rəhbərimiz Qoqunu qəfil xırxalayıb məktubları cibindən çıxardı, aparıb nənəyə verdi. Vasifi atası əzişdirdi, qızı əmisi, bununla da söz-söhbət yat-yut oldu.
Sinifdəki iyirmi beş uşağın hamısı gizlicə xatirə dəftəri tutdu, bir-birimizlə paylaşıb ürək sözlərimizi yazdıq. Heç kim Qoquya dəftərinin qulağını da göstərmədi.
Qarğışlı baş salamat olar deyib məktəbi bitirdik, hərə bir səmtə üz tutdu. Uşaqlardan kimisi ali məktəbə qəbul olundu, kimisi uzaq Urala, Sibirə yollandı, kimisi də ailə qurub kəndimizi tərk elədi. Dalınca müharibə başlandı, qiyamət qopdu. Qoqudan həmişə xəbər tuturdum – Telli mamanın qonşusuydu. Hər dəfə bibim söylənirdi:
- Onun nəyini soruşursan axı, Vasifdi dayna, birinin qızına, o birinin gəlininə qəhbəlik çağırır, yetənin bostanına daş atır…
Bir gün də Telli mama mənə təzə xəbər uçurtdu:
- Qoqu Tutunu istəyir.
Tutu sinifimizin ən sakit, ağıllı, tərbiyəli qızıydı, heç kimlə işi olmaz, heç kimə dəyib dolaşmazdı. Birgə oxuduğumuz o iki ildə tək Tutu Vasiflə dalaşmamışdı, çünki qız Qoqudan cin bismillahdan qorxan kimi qorxurdu.
Xəbəri eşidəndə çox təəccübləndim. Sonbeşiyimiz Rüfətin axşamı gimgədə, çayxanada keçirdi, ona görə də xəbərləri düz çıxırdı. Soruşanda dedi ki, Qoqu bütün günü Tutunun atası Quzu Cənnətə lağ eləyir, ağsaqqal kişi onun qorxusundan çayxanaya girə bilmir. Dedim:
- Bəs nə təhər olur bu vurulmuş ala qarğa Cənnətin qızını istəyir, özünə də lağ eləyir?
- Ay qız, nə istəmək, – Rüfət dedi, – qızın adına danışmadığı qalmayıb, deyir Tutuyla gəzmişəm, onu öpmüşəm, bu üç kənddə heç kim Cənnətin qızını almayacaq.
Tutu Gəncədə pedaqoji təhsil alıb kəndə qayıdandan sonra elə öz məktəbimizdə müəllim işləyirdi.
Kənd bilirdi Qoqunun ağzı elin ayaqyolusudu, hamıya bəlliydi ki, onun ağzında ancaq bayquş, sağsağan balalayar. Bir gün də kənd avtobusunda Tutuyla görüşdüm, eşitdiklərimdən qulağına çıtızdırdım. Qızın gözləri yaşla silələndi.
- Nə təhər oldu Qoqu sənin saqqızını oğurladı, – soruşdum, – bəyəm sən onu tanımırdın?
- Qaraçı qızı qırmızı muncuğa aldanan kimi mən də onun şirin dilinə aldandım, – dedi. – Aylarla təpik döydü arxamca, bir-iki dəfə şəhərdə məni gəzməyə çıxartdı. Bilirsən ondan nə vaxt qaçdım? Gəzməyə aparanda məni bizim kənd uşaqlarının oxuduqları institutların, texnikumların, qaldıqları yataqxanaların yanından keçirirdi, mənimlə gəzdiyini hamıya göstərirdi. Bax onda bildim ki, Vasifin məqsədi evlənmək deyil.
Nənəm deyirdi qızla atın müştərisi birdən artar, birdən də itər. Aylar-illər keçdi, kənddə daha Tutunun adını tutan olmadı…
Bəd xəbər uçağan, şad xəbər yatağan olar deyiblər. Mən hələ ər evindəykən bütün mahala xəbər yayıldı: Qoqu cəbhədə ağır yaralanmışdı, könüllü getdiyi davada qanlı meydana ayaq qoyduğu ilk gündəcə düşmən gülləsinə tuş gəlmişdi. Xəbəri mənə qardaşım Kamil verdi, sonra da xəbərin məndə nə reaksiya doğuracağını yaxından görmək üçün çənəmin altına yeridi. Qardaşımı yaxşı tanıyırdım deyə susdum. Yerimə özü dilləndi:
- Hə, nədi, içində Qoqunun şeypuru çalınır?
Özümü tox tutub irişmədim; bilirdi axı mərdimazar hamını sinsidib, indi bu xəbərə çırtıq çalıb oynayanlar var.
- Yox, əşi, nə şeypur, – dedim, – Qoqunun mənlə işi olmayıb ki. Tutuya yanıram, yazığı rüsvay elədi. Gərək axmaq qonağı yaxşı yedirdəsən ki, gedib səni el içində biözm eləməsin. Özü cəhənnəmə, qız heç nədən tüncar oldu.
Yağı mərmisi Vasifin sağ gözünü, sifətinin yarısını çapıb aparmışdı. Qoqu ömürlük kor oldu, bir gözünün umuduna qaldı. Bu kal-kantal adamın illərlə döymədiyi qapı qalmadı, gözünün çalasına plastik əməliyyat elətdirə bilmədi. O vaxtdan bir qara eynəyə yavıncı oldu.
Sonra da Tutunun dədəsinin qapısını yağır elədi, bir zamanlar lağa qoyduğu kişinin ayaqlarına düşüb yalvardı. Adına hər cür latayır qoşduğu qızla ailə qurdu. Bir cüt əkiz oğlanları oldu…
Kamili hər görəndə Tutunu soruşurdum (məktəbdə işləyirdi axı), o da hər dəfəsində deyirdi:
- Yaxşıdı, Tutu lap yaxşıdı, Qoqu da yaxşıdı. Bax ayrı söz demə ha!
Qardaşım nə deyəcəyimi gözəl bilirdi deyə hər dəfə məni amanatlayırdı. Qorxurdu Qoquya pinə eləyəm, Allaha acıq gedə. Amma bir dəfə ürəyimi cıranı deyib cavabımı aldım:
- Mənim adım Tutu olsaydı, Vasifə dünyasında getməzdim.
Elə bildim dilimdən qanlıq söz qaçırmışam, qardaşım az qala dünyanı başıma uçurdu:
- Yekəbaş-yekəbaş danışma, kimə gedəcəkdi Tutu?! Ay bala, başa düş, bu işləri Allah elədi, onun işinə qarışmaq olmaz. Gül kimi ailədilər, bir cüt ağıllı oğlanları var. Tutu da böyük savab işlədi. Qazanıb ailəsinə baxır, torpaq yolunda gözündən olmuş yoldaşının qulluğunda durur. İçindəki zəhəri ud, səsin çıxmasın!
Elə o gündən udanam, səsim-səmirim çıxmır…
Tutunu da keçən ay kənddə gördüm: üzü gülürdü, mənə oğlanlarından danışdı.
Aprel 2026-cı il