Advert
Advert

Rəssam fırçası ilə salınan sənət körpüsü - Fotolar

Tarix:
Rəssam fırçası ilə salınan sənət körpüsü - Fotolar
Reklam

Tanınmış rəssam Eldəniz Babayev 55-ci doğum günündə yeni fərdi sərgisini təqdim etdi. “Sənət körpüsü... Azərbaycan-Türkiyə” adlı sərgi həm də istedadlı bir fırça ustasının 30 illik yaradıcılığının hesabatı idi. 
    
Milli Xalça Muzeyində təşkil olunan tədbir sənət bayramına, iki qardaş dövlət arasında yüksək səviyyəli mədəni əlaqələrin nümayişinə bir vəsilə oldu. Sərginin adı təsadüfən seçilməmişdi axı, Eldəniz Babayev Azərbaycanla Türkiyə arasında sənət körpüsü yaradan, 90-cı illərdən bu vacib işə könül verən fırça ustalarındandır. 


    
Hər iki ölkənin rəsmilərinin, parlament üzvlərinin, diplomatik korpus nümayəndələrinin, yubilyarın həmkarlarının iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, TÜRKSOY-un Baş katibinin müavini Sayit Yusif, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Şamil Ayrım, Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Quzey Kıprıs Türk Cümhuriyyətinin Baş nazirinin müavini Fikri Ataoğlu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Səlhəb Məmmədov, Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru Gökhan Seylan çıxış edərək Eldəniz Babayevi təbrik etdilər, onun yaratdığı sənət körpüsünün önəmindən danışdılar. 


    
Təsviri sənətimizin inkişafına, mədəniyyətimizin təbliğinə verdiyi töhfələrə görə yubilyara Mədəniyyət Nazirliyinin diplomu təqdim edildi. Fərdi sərginin açılışından öncə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində istehsal edilən, rəssam Eldəniz Babayevin həyat və yaradıcılığından danışan “Sənət körpüsü. Azərbaycan-Türkiyə” sənədli filmi nümayiş olundu. Sənədli filmin layihə rəhbəri Elnur Məmmədov, ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir. Çəkilişləri Azərbaycanın və Türkiyənin müxtəlif şəhərlərində aparılan ekran işi maraqla qarşılandı. 

Sonra çoxsaylı qonaqlar Eldəniz Babayevin fərdi sərgisində nümayiş etdirilən rəsm əsərləri ilə yaxından tanış oldular, fikir mübadiləsi apardılar. 

Mədəniyyət Nazirliyinin, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin, Atatürk Mərkəzinin, Milli Xalça Muzeyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakıdakı Yunus Əmrə İnstitutunun və “Bakı” Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan sərginin qardaş Türkiyənin bir neçə şəhərində də keçirilməsi planlaşdırılır. 

Etibar Cəbrayıloğlu       
Reyting.az
(Fotolar AZƏRTAC və İlqam Cəbiyevindir)
 

Reklam