“Türkiyənin yaxın ətrafında, xüsusən də Livan, Qəzza və İranda baş verən son müharibələr və münaqişələr kibertəhlükəsizliyin vacibliyini bir daha nümayiş etdirdi”.
Reyting.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 5G rabitəsinə həsr olunmuş proqramda bildirib.
Türkiyə lideri deyib ki, güclü, çəkindirici gücə sahib olmaq və dünyada hörmət qazanmaq istəyirsinizsə, kiberməkanın inkişafını sürətləndirməli və kibertəhlükəsizliyi təmin etmək üçün tədbirlər görməlisiniz.
Onun sözlərinə görə, son müharibələr və münaqişələr, xüsusən də Livan, Qəzza və İranda baş verənlər kibertəhlükəsizliyin vacibliyini bir daha nümayiş etdirib.
"Məlumatlar dövründə siyasi sabitlik, iqtisadi müstəqillik, hərbi çəkindirmə və rəqəmsal suverenlik ayrılmazdır", - deyə Ərdoğan qeyd edib.
"Əgər hava məkanınızı sərhədlərinizə nəzarət etdiyiniz qədər idarə edə bilmirsinizsə, kiberməkanınızı və məlumatlarınızı qoruya bilmirsinizsə, bu, suverenliyinizdəki ciddi zəiflikləri göstərir. Yaxın gələcəkdə dövlət qurumlarına məxsus məlumatların təhlükəsizliyini gücləndirmək üçün tədricən əlavə tədbirlər həyata keçirəcəyik", - deyə prezident bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin hüquq-mühafizə və kəşfiyyat orqanları istənilən ssenariyə hazırdır və cavab və əks tədbirləri uğurla həyata keçirir.
"Biz kibertəhlükəsizliyə sadəcə təhdidlərə cavab kimi deyil, milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi baxırıq", - deyə o vurğulayıb.
Bundan əlavə, Ərdoğan bildirib ki, Türkiyə ağıllı sensorlar, robot sistemlər və istehsal xətlərinin real vaxt rejimində idarə olunmasının maksimum məhsuldarlığa nail olacağı yeni bir dövrə qədəm qoyur.
"Bütün maneələri dəf edərək, bütün sahələrdə inamla irəliləyir, tarix yaradır və addım-addım yeni və güclü bir Türkiyə qururuq. Əvvəlcə 81 əyalətin mərkəzində 5G-ni işə salacağıq və iki il ərzində onun bütün ölkə daxilində mövcudluğunu təmin edəcəyik", - deyə Türkiyə prezident yekunlaşdırıb.
V. Quliyev