Advert
Advert

Rumıniyanın Moldova ilə birləşməsi təşəbbüsü parlamentdə təsdiqlənib

Tarix:
Rumıniyanın Moldova ilə birləşməsi təşəbbüsü parlamentdə təsdiqlənib
Reklam

Uzun müzakirələrdən sonra Rumıniya parlamentinin aşağı palatası Moldova ilə birləşmə təşəbbüsünü təsdiqləyib. Parlamentin aşağı palatası olan Deputatlar Palatası Moldova ilə vahid dövlət şəklində birləşməni nəzərdə tutan yeni qanun layihəsini "səssiz qəbul" proseduru ilə təsdiq edib.

Reyting.az Qərb mediasına istinadən xəbər verir ki, Rumıniyanın "SOS Romania" partiyası tərəfindən hazırlanmış layihə hökumətə rəsmi Kişinyovla birləşmə üzrə danışıqlara başlamaq səlahiyyəti verir. Lakin sənədin qüvvəyə minməsi üçün onun Senat tərəfindən də təsdiqlənməsi tələb olunur.

Xatırladaq ki, Moldova Prezidenti Maya Sandu da bildirib ki, belə bir referendum keçiriləcəyi təqdirdə Rumıniya ilə birləşmənin lehinə səs verəcək.

Son sorğulara əsasən, Moldova cəmiyyətində bu məsələyə münasibət birmənalı deyil. Respondentlərin 47 faizi Rumıniya ilə birləşmənin əleyhinə, 42 faizi isə lehinə səs verəcəyini bildirib. Bununla belə, Rumıniyada bu ideyanın tərəfdarları daha çoxdur - respondentlərin 70 faizdən çoxu birləşməni dəstəkləyir.

Bəzi analitiklər hesab edirlər ki, iki ölkənin mümkün birləşməsi ilə bağlı müzakirələrdə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin mövqeləri müəyyən məqamlarda üst-üstə düşə bilər. Son dövrlər Moldova ilə Rumıniya arasında mümkün birləşməni daha intensiv şəkildə müzakirə edən Qərb mediası isə məsələyə müxtəlif prizmadan yanaşır.

Mövzunu gündəmdə saxlayan "Euronews", "Le Monde", eləcə də "London School of Economics" bu ideyanın xüsusilə Moldovanın Avropa İttifaqına inteqrasiyası fonunda aktuallaşdığını qeyd edir. Bununla yanaşı, bəzi ekspertlər bu prosesə ehtiyatla yanaşaraq bildirirlər ki, sözügedən təşəbbüs Rusiyaya qarşı siyasi təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər.

Analitiklərin fikrincə, Moldova Prezidentinin birləşməyə şəxsi dəstəyini açıq şəkildə ifadə etməsi bu mövzunu yenidən gündəmə gətirsə də, cəmiyyət hələ də bu məsələ ilə bağlı iki fərqli mövqedə qalır. Qərb ekspertlərinin qənaətinə görə, yaxın perspektivdə tam siyasi birləşmədən daha çox, Moldovanın Avropa İttifaqına üzvlüyü daha real ssenari hesab olunur.

Oqtay Qorçu
 

Reklam