Avropa İttifaqı (Aİ) Ukraynanı dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən 1,4 milyard avro ayıracaq.
Reyting.az xəbər verir ki, bu barədə jurnalstlərə Avropa Komissiyasının mətbuat xidmətindən bildiriblər.
Qeyd olunur ki, 31 martda Avropa İttifaqı Rusiya Mərkəzi Bankının mərkəzi qiymətli kağızlar depozitariyalarında saxlanılan dondurulmuş aktivləri üzrə faizlərdən əlavə 1,4 milyard avro gəlir əldə edib.
Bu aktivlər Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə cavab olaraq tətbiq edilən Aİ sanksiyalarına uyğun olaraq dondurulub. Aktivlərin özü dondurulmuş qalsa da, qalan vəsaitlər üzrə faiz Rusiyaya məxsus deyil. Avropa Komissiyasının təklifi ilə onların Ukraynanı dəstəkləmək üçün istifadəsi razılaşdırılıb.
"Bu 1,4 milyard avro ən çox ehtiyac duyulan yerlərə yönəldiləcək: Ukrayna dövlətini dəstəkləmək, vacib dövlət xidmətlərini qorumaq və cəsarətli Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək. Ukraynanın qələbəsinə və azadlığına olan sadiqliyimiz sarsılmazdır", - deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.
Vəsaitin 95 faizi Ukrayna Kredit Əməkdaşlıq Mexanizmi (ULCM), 5 faizi isə Avropa Sülh Fondu (EPF) vasitəsilə Ukraynaya dəstək üçün istifadə olunacaq.
V. Quliyev