Rusiya Ukraynaya qarşı müharibədəki rolunu genişləndirməyə və potensial olaraq ölkə ərazisindən yeni əməliyyatlar, o cümlədən pilotsuz təyyarə hücumları və NATO ölkələrinə qarşı əməliyyatlar üçün istifadə etməyə çalışaraq Belarusa qarşı siyasi və diplomatik təzyiqi artırır.
Reyting.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Rusiya və Avropadakı hazırkı və keçmiş rəsmilərə istinadla məlumat yayıb.
Məlumata görə, Moskvanın Minsk üzərində əsas təsir kanalları Prezident Aleksandr Lukaşenko ilə Rusiya səfiri Boris Qrizlov arasında danışıqlar olub.
“Rusiya Belarusa təzyiqi artırır. Moskvanın xahişləri arasında Ukraynaya qarşı dron hücumları üçün Belarus ərazisindən istifadə və cəbhə xəttini qərbə doğru genişləndirmək də var”, - deyə nəşr yazır.
Jurnalistlərin fikrincə, Moskva iki əsas ssenarini nəzərdən keçirir: Belarusdan Ukraynaya qarşı zərbələri gücləndirmək və ya NATO ölkələrinə, xüsusən də Baltikyanı ölkələrə və Polşaya qarşı hibrid əməliyyatlar aparmaq üçün istifadə etmək.
Nəşr qeyd edir ki, Minskə qarşı təzyiq kampaniyası “bu ilin əvvəlində” Rusiyanın Ukraynanın şərqindəki hərbi çətinlikləri və Ukrayna qüvvələrinin diqqətini yayındırmaq ehtiyacı fonunda güclənib.
Məqalədə qeyd olunur: “Rəsmilər deyirlər ki, Moskvanın taktiki nüvə silahlarını yerləşdirdiyi Belarus bu planda əsas oyunçu ola bilər”.
Nəşr həmçinin Rusiyanın təzyiqini və əməkdaşlıqdan imtina edəcəyi təqdirdə Belarusa maliyyə dəstəyini kəsmək təhdidini təsdiqləyən keçmiş Rusiya kəşfiyyat zabitinə istinad edir.
Qeyd olunur ki, Kiyev əvvəllər Belarusun Ukraynaya və ya NATO ölkələrinə qarşı əməliyyatlarda mümkün iştirakı ilə bağlı müzakirələri göstərən ələ keçirilmiş sənədlərin saxlandığını bildirib.
Bildirilir ki, Qərb liderləri artıq eskalasiyanın daha da artması risklərini müzakirə ediblər. Xüsusilə, may ayında Fransa Prezidenti Emmanuel Makron Lukaşenko ilə danışıb və bu söhbət zamanı Belarusun müharibədə dərinləşməsinin nəticələri barədə xəbərdarlıq edib.
Fransa Prezidentinin köməkçiləri Parisin Minskə münaqişəyə cəlb olunma riskləri barədə birbaşa xəbərdarlıq etdiyini təsdiqləyiblər.
Eyni zamanda, kəşfiyyat orqanları bildirirlər ki, Belarus ərazisindən böyük bir əməliyyat üçün təcili hazırlıq əlamətləri hələlik yoxdur. Lakin belə bir ehtimal təzyiq göstərmək və NATO-nun cavabını sınaqdan keçirmək üçün bir vasitə kimi aktual olaraq qalır.
N. Orucov