Rusiya Mərkəzi Seçki Komissiyasının və MDB müşahidə missiyasının üzvü Lyudmila Markina bildirib ki, bir qrup naməlum şəxs Ermənistanın Armavir vilayətində yerləşən seçki məntəqəsində MDB müşahidəçilərindən qeydə aldıqları pozuntularla bağlı hesabatları məhv etməyi tələb edib.
Reyting.az xəbər verir ki, Markina bu barədə “RİA Novosti” agentliyinə açıqlamasında danışıb.
“Missiyanın fəaliyyəti zamanı aşkar edilən çatışmazlıq və pozuntularla bağlı hesabatlar tərtib olunur. Müşahidəçilər pozuntu aşkar etdikdən sonra müvafiq hesabat hazırlayıblar. Seçki məntəqəsi komissiyasının bəzi üzvləri bunu görərək ayağa qalxıb və hesabatların məhv edilməsini tələb ediblər”, – deyə Markina bildirib.
Onun sözlərinə görə, müşahidə missiyasının üzvləri öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərdiklərini əsas gətirərək bu tələbi yerinə yetirməkdən imtina ediblər.
“Seçki məntəqəsində olan polis əməkdaşları hadisəyə müdaxilə etməyiblər. Fərqləndirici nişanları olmayan şəxslərin müşahidəçiləri mütəşəkkil şəkildə mühasirəyə alması son dərəcə xoşagəlməz vəziyyət yaratmışdı”, – deyə o qeyd edib.
MDB müşahidə missiyasının üzvünün sözlərinə görə, hadisə Armavir vilayətində yerləşən 16/25 saylı seçki məntəqəsində baş verib. Missiya nümayəndələri burada bir sıra kiçik çatışmazlıqlar aşkar edərək onları seçki komissiyasının diqqətinə çatdırıblar.
“Hadisə baş verdi və biz vəziyyəti uğurla həll edə bildik. Bununla belə, həmkarlarımız üçün ciddi narahatlıq keçirirdik. Çünki qrupumuzda qadınlar da var idi, üstəlik, biz başqa ölkədə idik və seçki məntəqəsi ucqar ərazidə yerləşirdi”, – deyə Markina əlavə edib.
E. Kamal