Advert
Advert

Rusiya məktəblərində uşaqlara silahdan istifadə öyrədiləcək

Tarix:
Rusiya məktəblərində uşaqlara silahdan istifadə öyrədiləcək
Reklam

Rusiya 6-11-ci sinif şagirdləri üçün məcburi "Milli Müdafiə" kursu çərçivəsində əsas hərbi hazırlığın həcmini iki dəfədən çox artırır.

Reyting.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri Rusiyanın təhsil naziri Sergey Kravtsova istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, sentyabrın 1-dən etibarən "Milli Təhlükəsizlik və Müdafiənin Əsasları" kursunun 50 faizi hərbi hazırlığa həsr olunacaq.

Əvvəllər tədris proqramının 20 faizi bu cür hazırlığı əhatə edirdi. İldə ümumilikdə 34 saat keçirilən kurs çərçivəsində bundan sonra ən azı 17 saat əsas hərbi hazırlığa ayrılacaq.

Sergey Kravtsov bildirib ki, yenilənmiş proqrama pilotsuz uçuş aparatları ilə bağlı dərslər və səhra təlimləri də daxil ediləcək.

Məqalədə qeyd olunur ki, kurs Rusiya hərbi tarixi, dövlət qulluğu və müharibə şəraitində sağ qalma mövzularını əhatə etməklə yanaşı, orta məktəb şagirdlərinə ilk tibbi yardım göstərilməsi, əsas silahlardan istifadə qaydaları və əl qumbarası ilə davranış kimi hərbi bacarıqların da öyrədilməsini nəzərdə tutur.

Nəşr vurğulayır ki, bu proqram məzmun etibarilə Sovet dövründə orta məktəblərdə məcburi tədris olunan əsas hərbi hazırlıq dərslərini xatırladır. Həmin dərslər təlim, ilk tibbi yardım, silahlarla davranış və səhra məşğələlərini əhatə edirdi.

“Business Insider” yazır ki, bu qərar Rusiya ilə NATO arasında artan gərginlik fonunda qəbul edilib. Böyük Britaniyanın Baş naziri Keir Starmer və NATO-nun baş katibi Mark Rutte də daxil olmaqla bir sıra Qərb liderləri bu ayın əvvəlində Rusiyanın 2030-cu ilədək Avropaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazır ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Nəşr yazır ki, Moskva bu cür xəbərdarlıqlardan məktəblilər arasında hərbi hazırlığın genişləndirilməsini əsaslandırmaq üçün istifadə edir.

V. Quliyev
 

Reklam