Rusiya ordusu bu gecə Kiyev, Zaporojye, Xarkov və Dnepropetrovsk, eləcə də Poltava, Xmelnitski və Sumı bölgələrində Ukrayna müdafiə sənayesi müəssisələrini, yanacaq və nəqliyyat infrastrukturu obyektlərini hədəfə alıb.
Reyting.az xəbər verir ki, Rusiya ordusu Ukraynaya qarşı hipersəs raketləri də daxil olmaqla, uzun mənzilli dəqiq silahlardan istifadə edib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, zərbənin məqsədlərinə nail olunub, bütün təyin olunmuş hədəflər vurulub.
Xatırladaq ki, ruslar bütün gecə Ukraynaya hücum ediblər. Kiyevdə dörd nəfərin öldüyü, əlli nəfərdən çox insanın yaralandığı bildirilir. Paytaxtın bir çox rayonunda dağıntılar qeydə alınıb. Xüsusilə, Şevçenkivski, Svyatoşinski, Solomyanski və Podolski rayonlarında hündürmərtəbəli binalar qismən dağıdılıb. Qoloseyevski rayonunda da bir klinika zərər görüb.
Həmçinin, Dneprdə yaşayış binası dağılıb. Son məlumatlara görə, yeddi nəfər ölüb, 35 nəfər yaralanıb. Həmçinin gecə Rusiya qüvvələri Xarkova birgə dron və raket zərbələri endirib. İlkin məlumatlara görə, biri uşaq olmaqla 14 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynada çoxsaylı insan ölümünə, yaralanmasına, evlərin və xəstəxanaların dağılmasına səbəb olan kütləvi gecə hücumunu “terror hücumlarına cavab” adlandırıb.
E. Kamal