Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, çoxtərəfli formatlar çərçivəsində dövlətlər arasında qarşılıqlı əməkdaşlıq daha da intensivləşir.
Reyting.az bildirir ki, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bu barədə Çin xarici işlər naziri Vanq Yi ilə görüşü zamanı məlumat verib.
Onun sözlərinə görə, Rusiya 2027-ci ildə daha bir beynəlxalq təhlükəsizlik forumuna ev sahibliyi etməyi planlaşdırır.
Şoyqu qeyd edib ki, may ayının sonunda Rusiyada keçirilən ilk forum öz effektivliyini sübut edib. Bu təcrübə nəzərə alınaraq, növbəti beynəlxalq təhlükəsizlik forumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Təhlükəsizlik Şurasının katibi Çin tərəfinə forumda iştirakına görə təşəkkür edib. O, həmçinin BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığın inkişaf etdiyini, eləcə də ikitərəfli görüşlərin müntəzəm keçirildiyini vurğulayıb.
Moskva ilə Pekin arasında əməkdaşlıqdan danışan Şoyqu bildirib ki, BMT, BRİKS, ŞƏT, G20 və APEC kimi çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət daha da güclənir.
“Biz Rusiya-Çin siyasi əlaqələrinin yüksək intensivliyini qoruyub saxlaya bilmişik. Bu, ilk növbədə, yüksək səviyyəli təmasların nəticəsidir. İkitərəfli əməkdaşlığın inkişafının əsas hərəkətverici qüvvəsi əvvəlki kimi ölkələrimizin liderləri arasında mövcud olan münasibətlərdir”, - deyə Şoyqu qeyd edib.
Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putinin Çinə sonuncu - 25-ci səfəri iki ölkə arasında dövlətlərarası əməkdaşlığın xüsusi xarakter daşıdığını bir daha təsdiqləyib.
Y. Qacar