Advert
Advert

Rusiya Qərbi xəbərdar edir: gərginlik təhlükəli həddə çatır

Tarix:
Rusiya Qərbi xəbərdar edir: gərginlik təhlükəli həddə çatır
Reklam

Rusiya ilə birbaşa qarşıdurma Qərb ölkələri üçün ağır və fəlakətli nəticələrə səbəb ola bilər.

Reyting.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "İzvestiya" qəzetinə müsahibəsində danışıb.

Nazir müavininin sözlərinə görə, Qərb ölkələrinin həm iqtisadiyyatı, həm də ictimai həyatı hərbiləşdirməyə yönəlmiş ümumi siyasəti Moskvanın haqlı narahatlığına səbəb olur.

"Bu narahatlığın əsas səbəbi həmin siyasətin “Rusiya təhlükəsi” mifinə söykənməsidir", – deyə Ryabkov bildirib.

O qeyd edib ki, miflər insanların ətrafdakı obyektiv reallığı düzgün dərk etməsi halında dağıla bilər. Lakin bəzi hallarda onlar "özünü doğruldan peyğəmbərliyə" də çevrilə bilər.

"Mən belə bir ssenarinin baş verməsini istəməzdim. Burada hər şey kollektiv Qərbin hadisələri necə qiymətləndirəcəyindən və bundan hansı nəticələri çıxaracağından asılıdır", - deyə Ryabkov vurğulayıb.

Nazir müavini əlavə edib ki, Rusiya ilə birbaşa qarşıdurma ölkənin təhlükəsizliyinə təhdid yaradan qüvvələr üçün qaçılmaz olaraq fəlakətli nəticələr riski daşıyır.

Bununla yanaşı, o bildirib ki, Qərb ölkələrinin gərginliyi azaltmağın vacibliyini anlayacağı daha müsbət bir ssenari də mümkündür.

Ryabkov həmçinin Rusiya ilə ABŞ arasında dialoqun hazırda müəyyən durğunluq mərhələsində olduğunu qeyd edib. Onun sözlərinə görə, Vaşinqton və Moskva ikitərəfli münasibətlərdə mövcud olan problemlərin aradan qaldırılması üçün yeni məsləhətləşmələr keçirməyi planlaşdırırlar.

"Mənim fikrimcə, bu proseslər yayın sonuna qədər baş tutmalıdır", - deyə o əlavə edib.

E. Kamal
 

Reklam