Rusiya ordusu Qara dənizdə iki xarici mülki gəmiyə hücum edib, bir dənizçi öldürülüb, beş nəfər yaralanıb.
Reyting.az-ın xəbərinə görə, bu barədə Odessa regional hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
“Dünən axşam düşmən PUA-ları Panama və Sent-Kits və Nevis bayraqları altında limanlardan yola düşən iki xarici mülki gəmiyə hücum edib. Hücum nəticəsində gəmilərdən birinin heyət üzvü həlak oldu, ikisi yaralandı. Digər gəmidə isə üç heyət üzvü yaralanıb”, - deyə rəsmi şəxs bildirib.
Onun sözlərinə görə, gəmilər o vaxtdan bəri hərəkətini bərpa edib və liman infrastrukturu təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla fəaliyyət göstərir.
“Bu hücumlar düşmənin terrorçu mahiyyətinin daha bir sübutudur; onlar qəsdən mülki şəxsləri öldürür və qlobal ərzaq təhlükəsizliyini təhlükəyə atırlar”, - deyə Kiper vurğulayıb.
Ukrayna Dəniz Limanları İdarəsinin dəqiqləşdirdiyi kimi, dronlar Qara dənizdə olan və Ukrayna dəniz dəhlizi boyunca hərəkət edən mülki gəmilərə hücum edib.
“Hücum nəticəsində Panama bayrağı altında üzən gəminin heyət üzvü həlak olub, digər iki dənizçi isə yaralanıb - onlardan biri ağır vəziyyətdədir... Sent-Kits və Nevis bayrağı altında üzən gəmi də vurulub, nəticədə üç heyət üzvü yüngül xəsarət alıb”, - deyə müəssisədən bildiriblər.
Açıqlamada qeyd olunur ki, bu cür hərəkətlər beynəlxalq hüququn və naviqasiya azadlığının kobud şəkildə pozulmasıdır: “Mülki dənizçilərə və ticarət gəmilərinə qarşı terror beynəlxalq ictimaiyyət tərəfindən açıq şəkildə pislənməli və qəti cavabla qarşılanmalıdır”.
V. Quliyev