“Baş nazir Nikol Paşinyan seçkiqabağı dövrdə rüşvət alarkən yaxalanan şəxslərin həbs olunmasını tələb edib. Bu fonda müxalifətdəki “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyana qarşı cinayət işinin açıldığı elan olunub. Eyni zamanda, hazırkı baş nazir seçkidə qazandığı qələbə münasibətilə təbriklər almağa davam edir. Lakin Rusiya və Çin hələlik belə bir addım atmağa tələsmirlər”.
Reyting.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetində dərc olunan təhlildə qeyd edilir.
Nəşrin analitiki Dmitri Drize hesab edir ki, rəsmi Yerevan yaxın vaxtlarda Moskva ilə münasibətlərdə gərginliyin artmasına yol verməməyə çalışacaq.
Məqalədə bildirilir ki, parlament seçkilərindən sonra Nikol Paşinyan praqmatik yanaşmaya əsaslanan “xarici siyasətin şaxələndirilməsi” kursunu elan edib. Ermənistanın Rusiya ilə tərəfdaşlıqdan imtina etmək niyyətində olmadığı, Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü kimi qalacağı vurğulanır. Həmçinin Azərbaycanla sülh müqaviləsinin imzalanması və hazırda daha çox “Tramp körpüsü” kimi tanınan Zəngəzur dəhlizi layihəsinə dəstək verilməsi planlarından bəhs olunur.
Xatırladaq ki, seçkilərdən bir neçə gün əvvəl ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edib və tərəflər arasında müvafiq anlaşma memorandumu imzalanıb.
Bununla yanaşı, İran bu razılaşmaya qəti şəkildə qarşı çıxır. Buna baxmayaraq, həm İran Prezidenti Məsud Pezeşkian, həm də xarici işlər naziri Abbas Əraqçi Nikol Paşinyanı seçki qələbəsi münasibətilə təbrik ediblər. Xarici işlər naziri hətta erməni dilində paylaşım edərək iki ölkə arasında dostluq münasibətlərinin davam edəcəyinə ümid etdiyini bildirib.
Ermənistan Baş naziri təhlükəsizlik qüvvələrindən seçki rüşvəti alarkən və ya verərkən yaxalanan şəxslərə qarşı sərt tədbirlər görülməsini tələb edib. Demək olar ki, eyni vaxtda prokurorluq tanınmış iş adamı, müxalif siyasətçi və Rusiyaya yaxınlığı ilə tanınan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyana qarşı cinayət işi açıldığını açıqlayıb. O, külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham olunur. Bununla belə, barəsində seçilmiş qətimkan tədbiri nisbətən yumşaqdır - ölkədən çıxışına qadağa qoyulub.
Seçkilərdən sonra diqqət çəkən digər hadisələrdən biri Yerevanda Ermənistan-Polşa biznes forumunun keçirilməsi olub. Forumun yekununda iyunun sonunda Polşaya Ermənistan ərikləri ilə yüklənmiş 20 yük maşınının göndəriləcəyi açıqlanıb. Müşahidəçilərin fikrincə, bunlar əvvəllər “Rosselxoznadzor”un qərarı səbəbindən Rusiya bazarına daxil ola bilməyən məhsullardır.
Bu arada, Paşinyan qələbəsi münasibətilə ABŞ, Avropa İttifaqına üzv ölkələr və bir sıra digər dövlətlərdən təbriklər alıb. Lakin Moskva və Pekin hələlik bu məsələdə bitərəf mövqe nümayiş etdirirlər. Ekspertlərin fikrincə, Ermənistanın gələcək xarici siyasi kursu barədə qəti nəticə çıxarmaq üçün hələ tezdir.
Qeyd olunur ki, Baş nazirin ölkənin gələcək geosiyasi seçimi - Avropa İttifaqına inteqrasiya və ya Avrasiya İqtisadi Birliyində qalmaq məsələsi ilə bağlı referendum keçirmək planı yoxdur. Bununla belə, belə bir təşəbbüsün gələcəkdə gündəmə gəlib-gəlməyəcəyini indidən söyləmək çətindir.
E. Kamal