Avropa İttifaqı (Aİ) Ukraynadan oğurlanmış taxılın qanunsuz ticarətində Rusiyaya kömək edən İsrail vətəndaşları və qurumlarına qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.
Reyting.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər üzrə sözçüsü Anuar El Anuni bildirib.
Məlumata görə, Aİ Ukraynanın bu məsələ ilə bağlı İsrail hakimiyyəti ilə əvvəlki təmaslarına baxmayaraq, “kölgə donanması”na aid Rusiya gəmisinin İsrailin Hayfa limanında boşaldılmasına icazə verilməsi barədə məlumatları nəzərə alıb.
Sözçü vurğulayıb ki, Aİ Rusiyanın qanunsuz hərbi əməliyyatlarını maliyyələşdirməyə və Avropa sanksiyalarından yayınmağa kömək edən hərəkətləri pisləyir.
“Zərurət yaranarsa, üçüncü ölkələrdə fəaliyyət göstərən fərd və qurumları da siyahıya daxil etməklə bu cür halların qarşısını almağa hazırıq”, - deyə Anuni əlavə edib.
O bildirib ki, Aİ bu məsələ ilə bağlı İsrail hakimiyyətindən əlavə məlumat da istəyib.
Qeyd edək ki, daha əvvəl media orqanları “Panormitis” gəmisinin İsrailə çatdığını yazıb. Gəmi 6000 tondan çox buğda və 19 000 tondan artıq arpa daşıyıb və yükün işğal olunmuş ərazilərdən götürüldüyünə dair əlamətlər var.
İsrail mediası 2026-cı ildə Ukraynadan oğurlanmış taxılın dörd partiyasının artıq ölkəyə gətirildiyini bildirib. Xüsusilə, oğurlanmış buğda daşıyan “ABINSK” gəmisi Hayfa limanında boşaldılıb. Bildirilir ki, bu gəmi Rusiyanın “kölgə donanması”na daxildir.
V. Quliyev