Rusiya Prezidenti Vladimir Putin bütün diqqətini Ukraynaya qarşı müharibəyə yönəldib və artan ictimai narazılığa baxmayaraq, onu yalnız özünün irəli sürdüyü maksimal şərtlərlə başa çatdırmaq niyyətindədir.
Reyting.az-ın “Financial Times” qəzetinə istinadla verdiyi məlumata görə, Putinin Rusiyanın müharibədə qalib gələcəyinə dair israrı ölkə daxilində narazılığı artırır. Cümə günü dərc olunan sorğunun nəticələrinə əsasən, Putinə etimad səviyyəsi 69 faizə enib. Bu, 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı işğalın başlanmasından bəri qeydə alınan ən aşağı göstəricidir.
Moskvalı politoloq Andrey Kolesnikovun sözlərinə görə, Rusiya Prezidentinin ictimaiyyəti sakitləşdirmək cəhdləri artıq bir növ "mantra" təsiri bağışlayır:
"Sanki o, hər şeyin yaxşı olduğuna ilk növbədə özünü inandırmağa çalışır".
Nəşr yazır ki, Putinin Ukraynanın atəşkəs təklifini rədd etməsi münaqişənin sülh yolu ilə həlli imkanlarını da zəiflədir. Qeyd olunur ki, Rusiya lideri bunun ölkəyə zərər verəcəyini bilsə belə, güzəştə getmək niyyətində deyil və məqsədlərinə çatmaq üçün mübarizəni davam etdirmək əzmindədir.
Kolesnikov hesab edir ki, rus cəmiyyətində müharibədən yaranan yorğunluq artıq çıxış yolu tapmayan narazılığa çevrilib.
"İnsanlar internet məhdudiyyətləri və ya yanacaq böhranı ilə üzləşdikdə yalnız vəziyyətə uyğunlaşmağa çalışırlar",- deyə politoloq bildirib.
Bu arada Kreml Putini hakim "Vahid Rusiya" partiyası ilə daha sıx əlaqələndirmək üçün diqqətçəkən addım atıb. Partiya bazar günü keçirilən qurultayında 2007-ci ildən bəri ilk dəfə özünü "Prezidentin partiyası" adlandırıb.
Rusiyanın müharibə tərəfdarı bloqçu icması haqqında yaxın vaxtlarda nəşr olunacaq kitabın müəllifi İvan Filippov hesab edir ki, bu addım Putinin artan təcridinin göstəricisidir.
"İndi 2026-cı ildir. Cəbhədə vəziyyət dalana dirənib, ölkədə insanlar benzin növbələrində dayanır, raket və dron hücumları hər gün neft emalı zavodlarını və silah fabriklərini hədəfə alır, Krım isə faktiki olaraq təcrid olunub. Belə bir şəraitdə Putini ölkənin ən populyar olmayan partiyasının simasına çevirmək yalnız paralel reallıqda yaşayanların verə biləcəyi qərardır", - deyə Filippov yazıb.
Bununla yanaşı, Müharibə Tədqiqatları İnstitutu (ISW) da Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni hesabat yayımlayıb. Hesabatda bildirilir ki, Rusiya cəmiyyətində müharibənin nə vaxt başa çatacağına maraq kəskin artıb.
Məlumata görə, iyunun 22-28-i tarixləri arasında istifadəçilər "Rusiya Ukraynaya qarşı müharibəni nə vaxt bitirəcək?" mövzusunda 137 mindən çox internet axtarışı həyata keçiriblər. Bu, 2022-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
Araşdırmada qeyd olunur ki, bu cür sorğuların əhəmiyyətli hissəsi Moskva və Leninqrad vilayətlərində qeydə alınıb. Həmin bölgələr gücləndirilmiş hava hücumundan müdafiə sistemləri ilə qorunsa da, Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarının tam qarşısını almaq mümkün olmayıb.
ISW bildirir ki, bu mövzu üzrə axtarışların sayı artıq ikinci həftədir ardıcıl artır. Əvvəlki pik göstərici isə iyunun əvvəlində, Ukrayna dronlarının Sankt-Peterburqa hücumları zamanı keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu günlərində qeydə alınmışdı.
Analitiklər Kremlə yaxın “İctimai Rəy Fondu”nun sorğularına da istinad edirlər. Həmin sorğulara əsasən, Moskva vilayətinə edilən iri dron hücumlarından sonra Vladimir Putinə dəstək səviyyəsi 74 faizdən 69 faizə enib.
ISW vurğulayır ki, rəsmi sosioloji sorğuların obyektivliyi ilə bağlı suallar olsa da, hətta bu məlumatlar belə dörd ildən artıq davam edən müharibənin Rusiya cəmiyyətində narazılığı artırdığını göstərir.
Y. Qacar
Reyting.az