Rusiyalı kinorejissor, hazırda Fransada yaşayan Andrey Zvyaqintsevin "Minotavr" adlı filmi Kann Kino Festivalının Qran-pri mükafatını qazanıb.
Reyting.az xəbər verir ki, film şənbə günü əsas müsabiqədə təqdim olunub və festivalın ikinci ən nüfuzlu mükafatına layiq görülüb.
Mükafatı qəbul edən Zvyaqintsev minnətdarlıq çıxışından sonra Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Kinorejissor Rusiya dövlət başçısını Ukraynada davam edən müharibəni dayandırmağa çağırıb. O, hətta müraciətinin xahiş olduğunu xüsusi vurğulayıb. "Minotavr" müəllifinin çıxışı zalda alqışlarla qarşılanıb.

"Minotavr" filminin süjeti müasir dövrdə bir biznesmenin şəxsi, eləcə də siyasi qərarlar arasında qaldığı dramatik hekayədir. Filmin çəkilişləri 2025-ci ildə Latviyanın paytaxtı Riqa şəhərində olub. Film hazır olandan sonra isə ekran əsərinin beynəlxalq yayım hüquqları "Mubi" şirkəti tərəfindən alınıb.
Onu da qeyd edək ki, tanınmış kinorejissor A. Zvyaqintsev uzun fasilədən sonra kinoya qayıdıb. Məlumata görə, rusiyalı sənətçi "COVID-19" virusuna yoluxduqdan sonra çox ağır xəstəlik keçirib. Daha sonra isə çox möhkəm sarsılan və söylədiyi kimi, Rusiyanın Ukraynaya müdaxiləsindən təəssüf hissi keçirən kinorejissor vətənində qala bilməyəcəyini anladığından Fransaya köçməli olub.
Zvyaqintsevin rejissorluğu ilə lentə alınan, Kann Kino Festivalının qran-prisinə layiq görülmüş "Minotavr" filmində Anatoli Belıy, İris Lebedeva, Dmitri Mazurov, eləcə də Varvara Şmıkova və digər aktyorlar rol alıblar.
Oqtay Qorçu