Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Rusiya imperiyasının çərkəzlərə (adıgeylərə) qarşı siyasətinin soyqırımı kimi tanınmasını tələb edir. Platforma bununla bağlı bəyanat yayıb.
Reyting.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Rusiyanın keçmiş Sovet imperiyasını əvvəlki sərhədləri daxilində bərpa etmək məqsədilə Ukraynaya qarşı apardığı işğalçı müharibə onun insanlığa və bəşəri dəyərlərə münasibətdə əsl niyyətini ortaya qoyub:
“Lakin imperiya öz sərhədləri daxilində də xalqlara qarşı böyük cinayətlər törədib və törətməkdə davam edir. Bu kontekstdə çərkəzlərə qarşı törədilmiş tarixi cinayətlər unudulmamalıdır”.
Platforma bəyan edir ki, Rusiya imperiyasının 1763-1864-cü illərdə Qafqazda apardığı işğalçı müharibə zamanı çərkəzlərin (adıgeylərin) kütləvi şəkildə məhv edilməsi soyqırımı və insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir.
Bəyanatda deyilir:
“Demokratiya Naminə Ukraynaya Dəstək Platforması xatırladır ki, bir çox müasir tarixçi və soyqırımı araşdırmaçısı bu hadisələri etnik təmizləmə və soyqırımı kimi qiymətləndirir. Tarixçi Valter Riçmond özünün “The Circassian Genocide” əsərində Rusiyanın məqsədli şəkildə çərkəz əhalisini məhv etdiyini və ya sürgünə göndərdiyini yazıb. Araşdırmaçı Anssi Kullberg isə bu siyasəti müasir etnik təmizləmənin ilkin nümunələrindən biri adlandırıb”.
Sənəddə qeyd olunur ki, beynəlxalq hüquq və soyqırımı araşdırmaları sahəsində çalışan alimlər həmin hadisələrin BMT Soyqırımı Konvensiyasının meyarlarına uyğun gəldiyini vurğulayırlar. Platforma bildirir ki, bu mövqe yalnız akademik çevrələrdə deyil, siyasi səviyyədə də dəstək qazanıb:
“Gürcüstan parlamenti 2011-ci ildə, Ukrayna Ali Radası isə 2025-ci ildə Rusiya imperiyasının çərkəzlərə qarşı siyasətini soyqırımı kimi tanıyıb”.
Gürcüstan və Ukrayna parlamentlərinin bu qərarlarının məntiqi davamı olaraq Demokratiya Naminə Ukraynaya Dəstək Platforması bəyan edir:
1. Çərkəzlərin (adıgeylərin) kütləvi şəkildə məhv edilməsi və tarixi vətənlərindən zorla qovulması Rusiya imperiyasının dövlət siyasətinin nəticəsi olduğu üçün soyqırımıdır;
2. Çərkəzlərin 90 faizinin həlak olması və doğma torpaqlarından qovulması Rusiya imperiyası tərəfindən törədilmiş soyqırımlarından biri və insanlığa qarşı cinayətdir;
3. Çərkəzlərin repatriasiya və öz müqəddəratını təyin etmək hüququnu tanıyır, beynəlxalq ictimaiyyəti analoji addımlar atmağa çağırır, Rusiya imperiyasının davamı olan Rusiyanın məsuliyyətə cəlb edilməsini tələb edir”.
Sonda Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Azərbaycan xalqını 21 may tarixini bütün çərkəz xalqı ilə birlikdə Xatirə və Ümid Günü kimi qeyd etməyə çağırıb.
E. Kamal