Hazırda Rusiya ordusunun silah ehtiyatında 120-yə qədər “Tsirkon” hipersəs raketi ola bilər.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiya inventarında olan “Tsirkon” hipersəs raketlərinin sayı ilə bağlı məlumatında bildirilib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin hazırda silahlanmasında 120-yə qədər “Tsirkon” raketi var. Bu raketlər Moskva vilayətinin Reutov şəhərindəki Hərbi-Sənaye Korporasiyası NPO Maşinostroyeniya tərəfindən istehsal olunur.
Bildirilir ki, 2026-cı il üçün təxminən 30 belə raketin istehsalı planlaşdırılır.
“2 iyun 2026-cı il hücumu zamanı “Tsirkon”ların kütləvi istifadəsi düşmənin Ukrayna ərazisində mümkün qədər çox hədəfi vurmaq istəyi ilə izah olunur, çünki bu hipersəs raketlər Ukrayna Müdafiə Qüvvələrinin hava hücumundan müdafiəsi üçün çətin hədəflərdir. Bu tip raketlərin istifadəsinin artması Ukraynanın beynəlxalq tərəfdaşlardan aldığı tutucu raketlərin sayının artmasına səbəb olacaq”, - deyə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis vəzifəsini icra edən Oleq Çernı bildirib.
V. Quliyev