Advert
Advert

Rusiyanın Ermənistandakı hərbi bazası hədəfə alınıb

Tarix:
Rusiyanın Ermənistandakı hərbi bazası hədəfə alınıb
Reklam

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci Hərbi Bazası hədəfə alınıb. İki ictimai təşkilat hərbi bazanı Ermənistanda keçiriləcək seçkilərə müdaxilə etməkdə ittiham edib.

Reyting.az xəbər verir ki, bu barədə Rusiyanın “Moskovskiy Komsomolets” nəşri yazıb.

Qeyd olunur ki, bu ittiham Baş nazir Nikol Paşinyanı dəstəkləyən media orqanları tərəfindən gündəmə gətirildiyi üçün hərbi bazaya qarşı “təcavüz siqnalı”nın ən yüksək səviyyədən verildiyi şübhə doğurmur.

“Artıq bildirmişdik ki, Paşinyan 7 iyun parlament seçkilərindən sonra hakimiyyətdə qala bilsə, Gümrüdəki Rusiya bazasının taleyi həll olunacaq. Rusiya sərhədçiləri ilə birlikdə geri çəkiləcək. Fransa Prezidenti Emmanuel Makron Ermənistana son dövlət səfəri zamanı bunu açıq şəkildə tələb edib. Baza Paşinyanın “Qərbə doğru dönüş” siyasətinə uyğun gəlmir. Bu, Cənubi Qafqazdakı proseslərdə əsas moderator kimi Rusiyanı əvəz etməyə çalışan Türkiyə üçün də əlverişlidir. Bazanın çıxarılması Paşinyanın növbəti hakimiyyət dövründə həll ediləcək məsələlərdən biridir, lakin artıq bunun təməli qoyulub”, - deyə Rusiya nəşri qeyd edib.

Bildirilir ki, Ermənistan QHT-ləri - Məlumatlı Vətəndaşlar Birliyi və Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi Rusiya hərbi bazasına qarşı ittihamlar irəli sürüblər. Onlar iddia edirlər ki, Gümrüdəki 102-ci bazadan ölkənin seçki proseslərinə təsir göstərmək məqsədilə istifadə olunur.

QHT-lərin iddiasına görə, bazada çalışan Ermənistan vətəndaşları komandanlıq tərəfindən mənəvi və psixoloji təzyiqə məruz qalırlar. Xüsusilə, baza komandirinin dini işlər üzrə köməkçisi olan rus pravoslav keşişi Timofey Kazaryanın Ermənistan dövlətçiliyinə qarşı təbliğat apardığı iddia olunur. Ata Timofey bazada yerləşən Müqəddəs Aleksandra Pravoslav Kilsəsində xidmət edir. Hökumətyönlü “Bagramyan 26” sosial media hesabındakı paylaşımlardan da göründüyü kimi, Kazaryanın əsas “günahı” pravoslavlığı qəbul etməsi və Rus Pravoslav İlahiyyat Seminariyasını bitirməsi, eyni zamanda Erməni Apostol Kilsəsinin keşişləri ilə sıx əlaqələrini qorumasıdır. Bu səbəbdən hökumətyönlü hesab onu xəyanətdə ittiham edir.

“Bagramyan 26” tərəfdarlarının sözlərinə görə, Kazaryan Rusiya Müdafiə Nazirliyindən medal aldığı üçün də ittiham olunur. Məqalədə qeyd edilir ki, bu məntiqlə Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezidenti Vaaqn Xaçaturyan da xəyanətdə ittiham edilə bilər. Çünki onlar bu yaxınlarda Fransanın “Fəxri Legion” ordeninin “Böyük Xaç” mükafatı ilə təltif ediliblər. Bildirilir ki, həmin mükafat Fransaya hərbi və ya mülki xidmətlərə görə təqdim olunur.

Bundan əlavə, Ermənistanın müdafiə naziri Suren Papikyan da əvvəllər “Fəxri Legion” ordeni ilə təltif olunub. 

Məqalədə sual olunur: “Bu şəxslərin Fransaya hansı mülki və ya hərbi xidmətləri olub? Nə üçün Fransa mükafatı almaq şərəf sayılır, Rusiya mükafatı almaq isə xəyanət kimi təqdim edilir?”

Rusiya nəşri daha sonra 102-ci bazaya qarşı ittihamlar irəli sürən hər iki ictimai təşkilatın Soros Fondu tərəfindən maliyyələşdirildiyini iddia edib: “Bu təşkilatlar Rusiya Federasiyasında arzuolunmaz hesab olunurlar. Baş Prokurorluğun məlumatına görə, onlar “Rusiya Federasiyasının konstitusiya quruluşunun əsaslarına və dövlət təhlükəsizliyinə təhlükə yaradır”. Hər iki QHT 2018-ci il “Məxməri inqilabı”nda fəal iştirak edib və sonradan onların nümayəndələri yeni hökumətdə müxtəlif vəzifələr tutublar. Bu təşkilatlar Paşinyan hakimiyyəti ilə sıx bağlıdır və onun qorunub saxlanılmasında maraqlıdır”.

Nəşr qeyd edir ki, Avropa İttifaqı İrəvanın müraciəti əsasında “hibrid təhdidlər”lə mübarizə aparmaq üçün Ermənistana mülki missiya göndərmək qərarı verib. Bildirilir ki, bu, əsasən Rusiyadan gələn təhdidlərlə bağlıdır. Məqaləyə görə, avropalılar Ermənistan üçün başqa təhlükə görmürlər.

Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən təqdim edilən “Ermənistana Böhran Yanaşması üçün Siyasi Çərçivə” sənədində qeyd olunur ki, Avropa İttifaqı “Rusiyanın regiondakı təsirinin zəiflədiyi bir dövrdə regional oyunçulara Moskvanın təsirindən çıxmaq üçün yaranmış tarixi fürsəti” qaçırmamalıdır. 

Sənəddə həmçinin Rusiyanın hərbi bazasının Ermənistan ərazisində yerləşməsi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmət aparması xüsusi vurğulanır. 

Məqalədə qeyd edilir ki, “hibrid təhlükə” müəyyən olunub və onun zərərsizləşdirilməsi üçün vəsait ayrılıb.


Nəşr xatırladıb ki, 102-ci Hərbi Baza Rusiya ilə Ermənistan arasında 1995-ci ildə imzalanmış müqavilə əsasında Ermənistanda yerləşdirilib. Müqavilə 2044-cü ilə qədər qüvvədədir və birtərəfli qaydada ləğv edilə bilməz. Sənəd yalnız qarşılıqlı razılaşma əsasında yenidən nəzərdən keçirilə bilər. 

Məqalədə qeyd olunur ki, gələcəkdə Paşinyan bazanın Ermənistan ərazisindən çıxarılması məsələsini gündəmə gətirməsi mümkündür.

Y. Qacar
 

Reklam