Ukrayna cəbhəsinin bəzi istiqamətlərində rus əsgərlərinin orta hesabla cəmi 20-35 dəqiqə sağ qala bildiyi iddia olunur.
Reyting.az xəbər verir ki, bu barədə “CBS News” rusiyalı hərbi bloqçuların hesablamalarına istinadla məlumat yayıb.
Nəşr qeyd edir ki, bu məlumat müstəqil şəkildə təsdiqlənməsə də, oxşar iddialar son vaxtlar Rusiya hərbi teleqram kanallarında daha tez-tez səsləndirilir. Bu isə Kremlin uzun müddət gizlətməyə çalışdığı müharibə itkiləri barədə getdikcə daha çox rusiyalının məlumatlı olduğunu göstərir.
Jurnalistlər, həmçinin Böyük Britaniya kəşfiyyatının məlumatına istinadla bildirirlər ki, Rusiya müharibə başlayandan bəri təxminən 500 min hərbçisini itirib. Ukrayna Müdafiə Nazirliyinin hesablamalarına görə isə Rusiyanın ölən və yaralananlar daxil olmaqla ümumi itkiləri artıq 1,4 milyonu ötüb.
Məlumata görə, cəbhədə pilotsuz uçuş aparatlarının (PUA) sayının artması "ölüm zonası"nın genişlənməsinə səbəb olur ki, bu da Rusiya ordusunun itkilərini sürətlə artırır. Rusiyanın tətbiq etdiyi infiltrasiya taktikalarının da bu prosesə təsir göstərdiyi vurğulanır.
Nəşr yazır ki, mövcud hesablamalar bu müharibədə yaralananlardan daha çox rus hərbçisinin öldüyünü göstərir. Bildirilir ki, bu, müasir müharibələr tarixində nadir hallardan biridir.
Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrində də canlı qüvvə çatışmazlığı hiss olunur.
"2023-cü ilin yay əks-hücumundan sonra şəxsi heyət çatışmazlığı ciddi problem olaraq qalır. Elə hallar var ki, piyada bölmələri rotasiya edilmədən bir ildən artıq müddətdə eyni mövqelərdə xidmət edir", – deyə ukraynalı hərbi analitik Rob Li bildirib.
Buna baxmayaraq, nəşr qeyd edir ki, Ukrayna ordusu şəxsi heyətini daha səmərəli qorumağa nail olub. Xüsusilə bəzi tapşırıqlarda piyadaların yerini dronlar tutur. Onlar yalnız döyüş əməliyyatlarında deyil, həm də tibbi təxliyə və logistika işlərində istifadə olunur.
Bu fonda jurnalistlər bildirirlər ki, hazırda Rusiyanın itkiləri Ukraynanın itkilərindən təxminən səkkiz dəfə çox qiymətləndirilir. Eyni zamanda, müharibənin təsirlərini hiss edən rusiyalıların sayı da artır.
Nəşr sorğu nəticələrinə istinadən qeyd edir ki, respondentlərin 31 faizi Ukraynaya qarşı müharibə ilə əlaqədar ən azı bir ailə üzvünün səfərbər edildiyini bildirib. Bu göstərici 2022-ci illə müqayisədə 14 faiz bəndi çoxdur.
V. Quliyev