Advert
Advert

Rusiyanın neft tankerlərinə pulemyotlar quraşdırılır

Tarix:
Rusiyanın neft tankerlərinə pulemyotlar quraşdırılır
Reklam

Rusiya, əsasən pilotsuz uçuş aparatlarından (PUA) müdafiəni gücləndirmək məqsədilə neft tankerlərini uzun mənzilli silahlarla təchiz etməyə başlayıb.

Reyting.az “The Times” nəşrinə istinadla xəbər verir ki, modernləşdirmənin məqsədi yalnız dronlardan müdafiə ilə məhdudlaşmır.

May ayında Rusiyanın əsas mayeləşdirilmiş təbii qaz daşıyıcılarından biri olan "Marşal Vasilevski" tankerinin yayımlanan fotolarında göyərtədə uzun mənzilli silahlara bənzəyən iki sabit qurğunun quraşdırıldığı görünür. Analitiklərin fikrincə, bu silahların təsir məsafəsi təxminən bir kilometrdir və onlar kiçik gəmilərə, eləcə də PUA-lara qarşı istifadə oluna bilər.

"The Times" yazır ki, bu görüntülər Rusiyanın Kalininqradı təmin edən tankerin real təhlükə altında olduğunu düşündüyünü göstərir.

Lakin Haaqa Strateji Araşdırmalar Mərkəzinin müdafiə məsələləri üzrə eksperti Patrik Bolder hesab edir ki, bu addım eyni zamanda NATO-ya mesaj xarakteri daşıyır.

"Bu, bir növ xəbərdarlıqdır: “Gəmiyə minməyə cəhd etməyin, çünki bu, münaqişəyə səbəb ola bilər'", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, silahlar ştativlər üzərində quraşdırılıb və əsasən kiçik yerüstü hədəflərə qarşı istifadə üçün nəzərdə tutulub.

"Məqsəd tankerləri mümkün qədər dayanıqlı etməkdir. Bu silahlar, ilk növbədə, kiçik gəmiləri, məsələn, onların mühərriklərini sıradan çıxarmaq üçün nəzərdə tutulub. Zərurət yaranarsa, quru hədəflərinə qarşı da istifadə oluna bilər. Hesab edirəm ki, onlar təxminən bir kilometr məsafədə yüksək dəqiqliklə atəş aça bilir", - deyə Bolder qeyd edib.

Qəzetə danışan kəşfiyyat mənbəsinin sözlərinə görə, "Marşal Vasilevski" kimi tankerlərin silahlandırılması Avropa ölkələrinin Rusiyanın "kölgə donanması"na məxsus gəmilərə çıxışını çətinləşdirə bilər.

"Əgər bu gəmilərin ağır pulemyotlarla təchiz edildiyi təsdiqlənərsə, Qərb ölkələrinin belə tankerlərə minmə əməliyyatları ilə bağlı risk qiymətləndirməsi tamamilə dəyişəcək. Belə bir gəmiyə vertolyotla yaxınlaşmaq və ya onu ələ keçirmək demək olar ki, mümkünsüz olacaq. Əgər Rusiyanın məqsədi budursa, buna artıq nail olub", – deyə mənbə bildirib.

Xatırladaq ki, iyunun 14-də Böyük Britaniya La-Manş boğazından keçməyə çalışan Rusiyanın "kölgə donanması"na aid tankeri saxlayıb. İyunun 25-də isə Fransa Hərbi Dəniz Qüvvələri həmin donanmaya aid olduğu bildirilən "Deliver" tankerini saxlayıb.

Bundan başqa, İsveç Sahil Mühafizəsi də Rusiyanın "kölgə donanması" ilə əlaqəli olduğu ehtimal edilən neft tankerini saxlayıb. İsveç hakimiyyəti gəminin saxta bayraq altında hərəkət etdiyini, əsl sahibini və marşrutunu gizlətmək üçün müxtəlif sxemlərdən istifadə etdiyini bildirir.

N. Orucov

Reklam