Rusiya Uzaq Şərq limanlarından Avropaya doğru hərəkət edən 10 gəmidən ibarət qeyri-adi dəniz karvanı formalaşdırıb. Karvana altı yük gəmisi, döyüş müşayiət gəmiləri, təchizat tankeri və okean yedək gəmisi daxildir. Karvanın dəqiq tərkibi isə rəsmi olaraq açıqlanmayıb.
Reyting.az xəbər verir ki, bu barədə Yaponiya sahilləri yaxınlığında Rusiya gəmi karvanını izləyən Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, karvan ilk dəfə mayın 8-də Yaponiya ilə Cənubi Koreya arasındakı Tsuşima boğazı yaxınlığında, Yaponiya dənizində müşahidə olunub. Gəmilərin Vladivostok bölgəsindən yola düşdüyü ehtimal edilir.
Cənubi Yaponiya adalarının yaxınlığından keçdikdən sonra karvan Filippin dənizinə daxil olub və qərb istiqamətində hərəkətini davam etdirib. Analitiklər karvanın son təyinat məntəqəsinin Avropadakı Rusiya limanları ola biləcəyini düşünürlər.
Karvana “Maya 1”, “Lady D”, “Lady Mariya”, “Lady R” və “Kapitan Danilkin” adlı yük gəmiləri daxildir. Bu gəmilərdən bəziləri Şimali Koreya ilə Rusiya arasında silah-sursat və hərbi yüklərin daşınmasında iştirak etdiklərinə görə Qərb sanksiyalarına məruz qalıblar.
Müşayiətçi heyətini “Soverşennıy” və “Rezkiy” adlı iki “Sterequşçiy” sinifli korvet təşkil edir. Karvana, həmçinin “Dubna” sinifli dəstək tankeri və “Andrey Stepanov” okean yedək gəmisi də daxildir.
Mütəxəssislər bildirirlər ki, köməkçi gəmilərin karvana daxil edilməsi müttəfiq ölkələrin limanlarına daxil olmadan uzunmüddətli müstəqil naviqasiya üçün hazırlıq görüldüyünü göstərir.
Polşa mətbuatı yazır ki, Rusiya nəqliyyat gəmiləri əvvəllər əsasən müstəqil şəkildə hərəkət edirdi. Bildirilir ki, hərbi müşayiət ilə tammiqyaslı karvanın yaradılması Moskvanın mümkün hücumlar və ya gəmilərin saxlanılması ilə bağlı narahatlığından xəbər verə bilər.
E. Kamal