ABŞ prezidenti Donald Tramp son günlər ölkəsinin NATO-dakı müttəfiqlərini daha sərt tənqid edir. Bu səbəbdən Alyansın baş katibi Mark Rutte çərşənbə günü ABŞ prezidentini Alyansdan imtina etməməyə inandırmaq ümidi ilə Ağ evə səfər edəcək. Lakin Ruttenin səfərinin ABŞ ilə NATO arasında yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq üçün yetərli olub-olmayacağı sual altındadır.
Reyting.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, NATO-nun İrana qarşı mümkün müharibədə ABŞ-a kifayət qədər dəstək verməməsi Trampın narazılığına səbəb olub.
Qeyd olunur ki, ABŞ prezidenti Senatın və ya Konqresin təsdiqi olmadan NATO-dan rəsmi şəkildə çıxa bilməsə də, öhdəlikləri azaltmaq üçün alternativ yollar mövcuddur. Bunlara NATO əməliyyatlarının maliyyələşdirilməsinin azaldılması, Avropadakı Amerika qoşunlarının sayının ixtisarı, eləcə də Rusiyaya qarşı müharibə fonunda Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırılması daxildir.
Son həftələrdə NATO müttəfiqlərinin ABŞ-ın İrana qarşı kampaniyasında iştirakdan imtina etməsi Trampın narazılığını daha da artırıb.
“Avropanın ABŞ-ı dəstəkləmək istəyi sıfırın altındadır”, - deyə Avropa Birliyinin yüksək vəzifəli rəsmilərindən biri bildirib.
Avropa ölkələri Fars körfəzinə qoşun göndərməkdən imtina edib, bəziləri isə ABŞ-ın müharibə zamanı öz ərazilərində və ya hava məkanında hərbi bazalardan istifadə etməsinə icazə verməyib. Bəzi liderlər Trampı açıq şəkildə tənqid ediblər. Xüsusilə Emmanuel Makron qeyd edib ki, Avropanın İrana qoşun göndərməkdən çəkinməsi qismən Trampın müttəfiqlərə qarşı sərt münasibəti ilə bağlıdır.
Bu arada, NATO ölkələrindən olan bir Avropa rəsmisi Trampın İrandakı vəziyyətə görə Alyansı “günah keçisi” kimi gördüyünü iddia edib:
“Aydındır ki, bu, transatlantik münasibətlər üçün ən yaxşı dövr deyil. Tramp İran kampaniyasının gedişatından narazıdır və müttəfiqlərini ittiham etmək niyyətindədir”.
Qeyd olunur ki, Ruttenin İranla bağlı NATO çərçivəsində təqdim edə biləcəyi konkret təklif yoxdur, çünki bu məsələ onun səlahiyyətlərinə daxil deyil. Diplomatlardan birinin sözlərinə görə, Tramp Avropa müttəfiqlərinin və Kanadanın kollektiv təhlükəsizlik yükünün daha böyük hissəsini daşımalı olduğunu yenidən vurğulayacaq.
Digər rəsmilər isə bildiriblər ki, müttəfiqlər Ruttenin NATO-nun ABŞ üçün əhəmiyyətini önə çəkməsini və Trampın Avropa müttəfiqlərindən konkret olaraq nə gözlədiyini daha aydın şəkildə müəyyən edib geri qayıtmasını gözləyirlər. Lakin vəziyyətlə tanış olan iki mənbəyə görə, Rutte bu görüşdən NATO-nun İrandakı müharibə ilə bağlı hər hansı ciddi təşəbbüsü barədə açıqlama vermək üçün istifadə etməyəcək.
Eyni zamanda, NATO diplomatlarından biri ABŞ prezidentinin artan siyasi təzyiqlərlə üzləşdiyi bir dövrdə Ruttenin bu arqumentlərinin Trampı qane edəcəyinə şübhə ilə yanaşıb.
E. Kamal